Ədəhim Niftəliyev: “Heç-heçə daha ədalətli nəticə olardı”

“Mingəçevir”in baş məşqçisi Ədəhim Niftəliyev Birinci Liqanın 13-cü turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Mingəçevirdə baş tutan bu görüş meydan sahiblərinin minimal hesablı məğlubiyyəti ilə (0:1) yekunlaşıb.

“Şəhərlilər”in baş məşqçisi Ədəhim Niftəliyev Arena.az-a açıqlamasında ikinci dövrəyə uğursuz startla bağlı bunları söyləyib:

“Şamaxı” ilə oyun istədiyimiz kimi alınmadı. Meydan amilinə görə, oyuna iki-üç gün qalmış məşqlərə başladıq. Buna baxmayaraq, rəqibdən fiziki cəhətdən geridə qalmadıq. Bizim qapımıza təyin edilən penalti verilməyə də bilərdi. Amma rəqibin cərimə meydançasında bizim futbolçuya qarşı kobudluq edilsə də, həmin epizodda penalti təyin olunmadı. Ola bilsin ki, hakim gənc olduğu üçün həmin epizodu görə bilmədi. İstənilən halda hakim ədalətli oyun idarə etdi. Oyunun da ədalətli nəticəsi bərabərlik idi”.

Nahid Məmmədov