Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Mingəçevir” klubu baş məşqçi Ədəhim Niftəliyev ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub Niftəliyevə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. “Mingəçevir” Niftəliyevin rəhbərliyi altında Birinci Liqada keçirdiyi 11 oyunda cəmi 1 qələbə qazanıb, 3 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb. Son olaraq bu gün doğma meydanda “Qəbələ”yə 0:2 hesabıyla uduzan “Mingəçevir” rəhbərliyi uğursuz gedişata son qoymaq üçün baş məşqçi dəyişikliyinə əl atıb. Yaxın günlərdə komandanın yeni baş məşqçisinin adının açıqlanacağı diqqətə çatdırılıb.
Xatırladaq ki, Ədəhim Niftəliyev 2023-cü ilin noyabr ayından “Mingəçevir”ə rəhbərlik edirdi.
“Mingəçevir” hazırda Birinci Liqanın turnir cədvəlində 6 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.