Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu braziliyalı müdafiəçi Rojer İbanyes üçün “Roma”ya bonuslar istisna olmaqla 28 milyon avro təklif edib.
Arena.az bu barədə “Foot Mercato” portalına istinadən məlumat verir.
“Əl-Əhli”nin artıq futbolçunun özü ilə razılığa gəldiyi və hazırda təzminat məbləği ilə bağlı romalılarla sövdələşmənin həyata keçirilməsinin gərək olduğu bildirilir.
Əvvəllər Ərəbistan klubu Avropadan bir neçə tanınmış futbolçu ilə müqavilə imzalayıb: Riyad Mahrez, Roberto Firmino, Eduard Mendi və Allan Sen-Maksimen kimi futbolçuları heyətinə cəlb edib.
Rojer İbanyes dörd mövsümdür ki “Roma”ya məxsusdur. “Canavarlar” braziliyalı futbolçunu “Atalanta”dan 9 milyon avro müqabilində transfer ediblər.
Ümumilikdə İbanyes “Roma”nın heyətində 149 oyuna çıxıb, 9 qol vurub, 2 məhsudar ötürmə verib. İbanyes 2021/2022 mövsümündə “Roma” ilə Avropa Konfrans Liqasının qalibi olub.
Rojer İbanyes 2022-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya yığmasında iki yoldaşlıq oyununda iştirak edib.
Xatırladaq ki, İbanyes universallığı ilə seçilir. Əsas mövqeyinin mərkəz müdafiəçisi olması ilə yanaşı, İbanyes müdafiənin sağ və sol cinahlarında, həmçinin yarımmüdafiənin dayağında və cinahlarında oynaya bilir.
“Transfermarkt” internet-portalı 24 yaşlı Rojer İbanyesi 30 milyon avro məbləğində qiymətləndirir.