“Əl-Hilal”: Messi, 1.2 milyard avroya razısan?

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu PSJ-nin argentinalı ulduz hücumçusu Lionel Messini sıralarına qatmaqda olduqca iddialıdır.

Arena.az “Footmercato”ya istinadən xəbər verir ki, ərəblər görünməmiş dərəcədə səxavətli təklif irəli sürüblər.

Lionel Messi bu təkliflə razılaşacağı halda iki illik müqavilə müddətində 1.2 milyard avro qazanacaq. Bu, ildə 600 milyon avro deməkdir. Müvafiq məbləğ hazırda Kristiano Ronaldonun “Əl-Nəsr”də aldığı məvacibi iki dəfədən çox üstələyir.

Futbolçunun atası Xorxe Messi ərəblərin təklifini dəstəkləyir. İndi yalnız Messini dilə tutmaq qalıb. Messi yay transfer pəncərəsində azad agent statusu qazanacaq və çox güman ki, PSJ-ni tərk edəcək.

Bir qədər əvvəl ulduz futbolçunun, gələcəyi ilə bağlı qərarını yaxın günlərdə açıqlayacağı haqda KİV-də məlumat yayılmışdı. Həqiqətən də Messi hazırda mümkün variantları gözdən keçirir. Messinin “Barselona” seçiminə klubun maliyyə imkanlarının məhdudluğu əngəl göstərilir və bu qeyri-müəyyən ab-hava yaradır. Məhz bu amil Messini başqa seçim etməyə təhrik edə bilər.

Həmçinin “Ole”nin məlumatına görə, argentinalı ulduz Mayami “İnter”indən də təklif alıb. Hətta bu təklifin Messiyə cəlbedici göründüyü də vurğulanır. Baxmayaraq ki, əvvəllər Messinin okeanın o tayına yollanmaqda maraqlı olmadığı iddia edilirdi.

Bu arada İngiltərə Premyer Liqasının adı çəkilməyən, gələn mövsümdə Çempionlar Liqasında iştirak edəcək klubunun Messinin xidmətlərində maraqlı olduğu haqda məlumat yayılıb. Amma mənbə göstərilmədiyindən müvafiq səpgidə informasiya hər hansı söz deməyə əsas vermir.

Sonda onu da vurğulayaq ki, Messi ərəblərin təklifini qəbul edərsə, bu, dünya futbol tarixinə rekord məvacib kimi yazılacaq. Bununla yanaşı, ərəblərin Ronaldo – Messi rəqabətini bərpa etmək ideyası gerçəkləşəcək.

Xatırladaq ki, hazırda Ronaldo “Əl-Nəsr”də çıxış edir. Hansı ki, bu komanda Messiyə müqavilə təklif edən “Əl-Hilal”ın prinsipial rəqibidir.