Asiya Çempionlar Liqasının 2-ci turun “Əl-Rayyan”la ev oyunu (2:1) “Əl-Nəsr”in müdafiəçisi Salem Əl-Nəjdi üçün xoşagəlməz halla yadda qalıb.
Arena.az “Arriyadiyah” dərgisinə məlumat verir ki, 21 yaşlı futbolçu, komanda yoldaşı, portuqal ulduz futbolçu Kristiano Ronaldonun sonradan oyunda həlledici olacaq qoluna sevincini ifadə edərkən, ehtiyatsızlıqdan zədələnib.
Belə ki, Ronaldonun qolundan sonra, ehtiyat oyuçular skamyasında oturmuş Nəjdi sevinclə yerindən sıçrayaraq, qolu bayram etməyə qalxıb. Amma gənc futbolçunun başı ehtiyatsızlıqdan, ehtiyat oyunçular skamyasının tavan örtüyünə dəyib. Nəticədə futbolçu huşunu itirərək, yerə sərilib.
Oyun dayandırılıb, zərərşəkmişin köməyinə isə tibbi yardım yetişib. Gənc futbolçu özünə gətirilib. “Əl-Nəsr”in həkimləri Əl-Nəjdiyə bir müddət dinclik tövsiyə ediblər.
Vurğulanır ki, hazırda futbolçu özünü yaxşı hiss edir və artıq, təqvim üzrə ümumi dəstə ilə məşqlərə qatılıb.