Əl-Xelaifi: “PSJ-dəki keçənilki fantastik çevrilişlə çox fəxr edirdim”

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi ötən il Fransa nəhənginin düşərgəsində baş vermiş dəyişiklikləri qiymətləndirib.

Arena.az “Marca” nəşrinə istinadən, qətərli iş adamının bu barədə fikrini təqdim edir:

“Gəncliyə, istedada və hər şeydən əvvəl komanda oyununa əsaslanan PSJ-dəki keçənilki fantastik çevrilişlə çox fəxr edirdim. Bu, bizim növbəti inkişaf mərhələmiz üçün əsasdır. Bundan əlavə, meydandan kənarda uğurları, məsələn, böyük amerikan investor “Arctos”un cəlb edilməsini unutmamaq vacibdir”, deyə Nasser Əl-Xelaifi vurğulayıb.

Xatırladaq ki, ispan mütəxəssis Luis Enrikenin çalışdırdığı PSJ ötən mövsüm Fransa çempionu olmaqla yanaşı, Fransa Kubokunun və Fransa Super Kubokunun da qalibi olub. Həmçinin Fransa nəhəngi 2023/2024-cü illər mövsümü Çempionlar Liqasında inamlı oyunla yadda qalmışdı. Mötəbər yarışın ¼ finalında PSJ “Barselona” üzərində möhtəşəm əzmkar qələbəsi ilə diqqət çəkmişdi. Parisdə 2:3 hesabı ilə məğlub olmuş PSJ Kataloniya səfərində “Barselona”nın 4:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlimişdi. Burada isə Fransa nəhəngi gözlənilmədən Dortmund “Borussiya”sına məğlub olmuşdu (evdə və səfərdə 0:1).

Cari mövsümə PSJ uğurla başlayıb. Paris klubu 3 turdan sonra 9 xalla Fransa çempionatının vahid lideridir.