Əlcəzairdə bu həftəsonu bütün oyunlar təxirə salındı

Əlcəzairin Liqa 1 təmsilçisi “Muludiya Əl-Bayad” klubunun avtobusu səfər oyununa gedərkən yol qəzasına uğrayıb.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

Komanda ölkə çempionatının 11-ci turu çərçivəsində “JS Kabiliya” komandası ilə səfər oyununda iştirak üçün Tizi-Uzuya gedərkən bədbəxt hadisə ilə üzləşib.

Qəza nəticəsində bu mövsüm 2 oyunda meydana çıxmış köməkçi məşqçi Xaled Meftah və 27 yaşlı qapıçı Zakariya Buziani həlak olub. “Muludiya Əl-Bayad” komandasının daha 10 üzvü xəsarət alıb.

Faciə ilə əlaqədar Əlcəzair Futbol Federasiyası bütün ölkə ərazisində qarşıdan gələn həftəsonu üçün planlaşdırılan bütün futbol tədbirlərini və oyunlarını təxirə salmaq qərarına gəlib. Dekabrın 26-da keçirilməsi nəzərdə tutulmuş Əlcəzair Kubokunun püşkatma mərasimi də sonraya təxirə salınıb.

Əlcəzair prezidenti Əbdelməcid Tebbun və idman naziri Abderrahman Hammad həlak olanların ailələrinə başsağlığı veriblər.