Türkiyənin “Kayserispor” klubu İran yığmasının da üzvü olan mərkəz yarımmüdafiəçisi Əli Kərimi ilə müqaviləsinin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi sosial media hesabları vasitəsilə məlumat yayıb.
Əli Kəriminin əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonunda bitəcəkdi. Lakin Kayseri klubu yarımmüdafiəçisi ilə müqaviləni yeniləyərək, sözləşmənin müddətini daha 3 il uzadıb. Bir sözlə, 30 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2027-ci ilin 30 iyununa qədər bu komandanın uğurları üçün çalışmağa davam edəcək.
Əli Kərimi İranın “Sepahan” klubunun yetirməsidir. İranlı futbolçu karyerası ərzində bu klubdan başqa “Dinamo” (Zaqreb, Xorvatiya), “Lokomotiva” (Zaqreb, Xorvatiya), “İstiqlal”, “Qətər” (Qətər), “Əl-Duhail” (Qətər) kimi komandalarda da forma geyinir. O, 2021-ci ilin avqust ayında müqavilə bağladığı “Kayserispor”da indiyə qədər 47 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə o, 22 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Kərimi 2016-cı ildə debüt etdiyi İran yığmasında indiyə qədər 18 oyuna çıxıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 850 min avro məbləğində qiymətləndirir.