Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Konfrans Liqasının 1/8 mərhələsinin cavab qarşılaşmasına təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Əliyar Ağayev “Dinamo” (Zaqreb, Xorvatiya) – PAOK (Yunanıstan) qarşılaşmasının baş hakimi olacaq. Ona bu oyunda yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qarşılaşmanın VAR hakimi almaniyalı Saşa Steqemanndır. Onun köməkçisi həmyerlisi Paşal Müller olacaq. Matçın hakim-inspektoru funksiyasını isə norveçli Terye Houç yerinə yetirəcək.
Xatırladaq ki, martın 7-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Cavab oyunu bir həftə sonra reallaşacaq.
Zaqreb “Dinamo”sunda Azərbaycan millisinin hücumçusu Mahir Əmrəli forma geyinir. Amma o, xeyli müddətdir zədədən əziyyət çəkdiyi üçün komandasına kömək edə bilmir. Azərbaycanlı futbolçunun həmyerlilərinin idarə edəcəyi görüşdə forma geyinməsi ehtimalı da çox azdır.