Azərbaycanlı FİFA referisi Əliyar Ağayev yenə Yunanıstan Super Liqasının oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, Super Liqanın çempionluq qrupunun 2-ci turu çərçivəsində baş tutacaq “Panatinaikos” – PAOK matçını Əliyar Ağayev idarə edəcək.
FİFA referisinə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Qeyd edək ki, “Panatinaikos” – PAOK matçı aprelin 4-də keçiriləcək.
“Panatinaikos” bu mövsüm keçirdiyi 27 oyunda 46 xal toplayıb və 5-ci pillədə qərarlaşıb. PAOK isə 50 xalla üçüncüdür. Turnir cədvəlinə 70 xalı olan “Olimpiakos” rəhbərlik edir. 51 xalı olan “Aris” ikincidir.
Yunanıstan Super Liqasında mövsümün başa çatmasına 8 tur qalıb.