Əliyev üçün 90, Qarayev üçün 57 dəqiqə

Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 16-cı turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Baltika” ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Kamran da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

Xabarovsk təmsilçisi Kamranı “Ximki”dən bu mövsümün sonuna kimi icarəyə götürüb. “SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. Yekaterinburq “Ural”ından icarəyə götürülmüş futbolçu bu görüşə start heyətdə başlayıb və 57-ci dəqiqədə əvəzlənib.

“SKA-Xabarovsk” 16 turdan sonra 28 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.