Əliyevlə Qarayev oynadı, “SKA-Xabarovsk” 1 xalla kifayətləndi

Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 24-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Moskva “Torpedo”su ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Kamran da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

Xabarovsk təmsilçisi Kamranı “Ximki”dən bu mövsümün sonuna kimi icarəyə götürüb.

“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. Yekaterinburq “Ural”ından icarəyə götürülmüş futbolçu bu görüşdə də oynayıb. O, 73-cü dəqiqədə meydana buraxılıb.

“SKA-Xabarovsk” 24 turdan sonra 41 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.