“Bayern”in alman hücumçusu Tomas Müller böyük futbol beşliyinin aparıcı liqalarının fəal oyunçuları arasında klubuna ən sadiq futbolçudur.
Arena.az məlumat verir ki, müvafiq nəticə Futbolda İdman Araşdırmaları Beynəlxalq Mərkəzinin (CIES Football Observatory) seçimi əsasında təqdim edilib.
34 yaşlı veteran Müller fəaliyyətdə olan futbolçuların sadiqlik siyahısına başçılıq edir və 16 mövsümdür ki, Almaniya nəhəngi “Bayern”in şərəfini qoruyur.
Siyahının 2-ci pilləsində Mönxenqladbax “Borussiya”sının alman mərkəz müdafiəçisi Toni Yançke (16 mövsüm) qərarlaşıb.
Müvafiq siyahının ilk onluğunu təqdim edirik:

Tomas Müller “Bayern”in yetirməsidir. Müller 2009-cu ilin iyulundan “Bayern”in əsas heyətində çıxış edir.
Cari mövsümdə veteran hücumçu “Bayern”in heyətində bütün yarışlarda 26 oyun keçirib, 2 qol vurub, 8 məhsuldar ötürmə verib.
Ümumilikdə veteran hücumçunun “Bayern”in heyətində çıxışının mənzərəsi belədir: 692 oyun, 237 qol, 264 məhsuldar ötürmə.
Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub.
Müller 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 126 oyuna çıxıb, 45 qol vurub, 40 məhsuldar ötürmə verib. Müller “bundestim”lə 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub. Hücumçu həmçinin 5 qolla DÇ-2010-nun ən sərrast futbolçuları arasında yer alıb.
“Transfermarkt” internet-portalı 34 yaşlı hücumçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.