İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema yay transfer pəncərəsində Madrid təmsilçisini tərk edə bilər.
Arena.az “Relevo”ya istinadən xəbər verir ki, 35 yaşlı fransız hücumçu Səudiyyə Ərəbistanının yüksək divizinunda adı çəkilməyən bir klubun diqqət mərkəzindədir.
İki illik müqavilə təklif edən ərəblər Benzemaya ildə 100 milyon avro ödəməyə hazırdırlar. Məlumatda hücumçunun bu təklifi baxışdan keçirdiyi deyilir.
Xatırladaq ki, Benzemanın “Kral klubu” ilə müqaviləsi iyunun 30-da bitir. “Real” hücumçusunun müqaviləni daha bir il uzadacağına ümidlidir.
Kərim Benzema madridlilərin heyətində 2009-cu ildən çıxış edir. Hücumçu cari mövsümdə 42 dəfə “Real”ın formasında meydana çıxıb, 30 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.
Benzema Madrid təmsilçisində bütövlükdə 647 oyun keçirib. O, bu görüşlərdə 353 qol vurub, 165 assist edib. Futbolçu “Real”a qədər yalnız yetirməsi olduğu Lion “Olimpik”ində forma geyinib – 148 oyun, 66 qol, 27 məhsuldar ötürmə. Kərim Fransa milli komandasında da 97 oyun keçirib, 37 qola imza atıb.