Ərdoğan: “Demirala verilən cəza siyasi qərardır”

Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan UEFA-nın Türkiyə millisinin futbolçusu Merih Demiralı cəzalandırması haqda danışıb.

Arena.az bu barədə “Anadolu” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, cənab prezident Merih Demiralın diskvalifikasiya edilməsi qərarını bütün türk xalqı üçün cəza hesab edir:

“UEFA-nın Merihə verdiyi 2 oyunluq cəza Avropa çempionatına ciddi kölgə saldı. Bunu izah etmək mümkün deyil, bu, sırf siyasi qərardır. Qərbin zehniyyət nöqteyi-nəzərindən bizə yanaşması dəyişməyib, hissləri hələ də eynidir. Demirala verdikləri cəza əvvəldən razılaşdırılıb. Əslində bu, bir millət olaraq Türkiyə üçün bir cəzadır. Bunun üçün isə ən yaxşı mükafat Niderland yığması ilə oyunda qələbə olardı. Təəssüf ki, bu, baş vermədi. Amma qarşıda 2026-cı il dünya çempionatı və 2028-ci il Avropa çempionatı var. Onlara ən yaxşı surətdə hazırlaşaraq, intiqam almaq imkanımız olacağına ümidvarıq”, deyə Ərdoğan vurğulayıb.

Xatırladaq ki, UEFA-ya görə, Demiral (guya) sağçı türk ekstremistlərinin rəmzi əl hərəkəti müqabilində 2 oyunluq diskvalifikasiya cəzası alıb.

Almaniya hökumətinin “fitvası” ilə UEFA bu qənaətdədir ki, Demiral AÇ-2024-ün 1/8 final mərhələsinin Avstriya yığması ilə oyununda (2:1) vurduğu qolu qeyd edərkən, türk sağçı millətçilərin əl hərəkətini nümayiş etdirib və bu səbəbdən cəza alıb.

Xatırladaq ki, Demiral Avstriya yığması ilə oyunda hər iki qolun müəllifi olmuşdu.