Əvəzedicilər Liqasının çempionu “Neftçi-2” mükafatlandırıldı

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasının çempionu olan “Neftçi-2” qızıl medallarına qovuşub.

Arena.az xəbər verir ki, bu gün “Neftçi Arena”da keçirilən Premyer Liqanın 36-cı turunun “Neftçi” – “Sabah” oyunundan əvvəl mükafatlandırma mərasimi təşkil olunub.

Meydan sahiblərinin əvəzedici komandasının üzvlərinə medalları “Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov, Peşəkar Futbol Liqasının (PFL) prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və PFL prezidentinin idman işləri üzrə müşaviri Məlik Həsənov təqdim ediblər.

Qeyd edək ki, “Neftçi-2” 35 oyundan 86 xal toplamaqla sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.

Əvəzedicilər Liqasında 2023/2024 mövsümünə mayın 27-də yekun vurulacaq. Çempion “Neftçi-2” son oyununu sabah doğma meydanda “Sabah-2” komandasına qarşı keçirəcək.