Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı başa çatıb.
Arena.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkil etdiyi yarışda bu gün veloturun sonuncu – beşinci mərhələsi baş tutub.
Elit yaş kateqoriyasında kişilərin mübarizə apardığı şose velosipedinin qrup ötüşməsi növü üzrə təşkil olunan yarışın şah mərhələsində velosipedçilər Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısından start götürərək Şuşa şəhərinə qədər 132,2 km məsafə qət ediblər.
Yerli sakinlər, idman həvəskarları və turistlər velosipedçiləri alqışlarla qarşılayıb, onları böyük coşqu ilə dəstəkləyiblər.
İdmançılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə inşa edilən “Zəfər Yolu” ilə hərəkət ediblər. Enişli-yoxuşlu dağ yolları, ecazkar təbiət mənzərələri yarışı daha da maraqlı və həyəcanlı edib.
Beşinci mərhələnin nəticələrinə görə, İtaliyanın “Team Technipes İnemiliaromagna” klubunun üzvü Emanuele Ansaloni (03:40:46) birinci yeri tutub. Rumıniya milli komandasının üzvü Kristian Raileanu (03:40:48 ) ikinci olub. “Team Technipes İnemiliaromagna” klubunun digər üzvü Martin Nessler (03:40:58) isə üçüncü yerə layiq görülüb.
Azərbaycan millisi “Əziz Şuşa” turnirində 9-cu oldu
Bu mərhələdə Azərbaycan millisinin üzvlərindən ən yaxşı nəticəyə Musa Mikayılzadə (03:44:44) imza atıb. O, 11-ci yerdə qərarlaşıb.
Sonuncu mərhələnin nəticələri bəlli olduqdan sonra ümumi təsnifatda da qaliblər müəyyənləşiblər.
Beləliklə, veloturun qalibi sonuncu mərhələdə də bütün idmançıları qabaqlayan İtaliyanın “Team Technipes İnemiliaromagna” klubunun üzvü Ansaloni (18:04:42) olub. O, qızıl medal qazanıb. Emanuele sarı köynəklə yanaşı, həm də yarışın ən yaxşı sprinteri olaraq yaşıl köynəyə sahib olub.
“Almaty Astana Motors” klubunun üzvü Rudolf Remxi (18:05:39) gümüş medala layiq görülüb. Niderlandın “Universe Cycling Team” klubunun üzvü Lars Quaedvlieg (18:05:54) bürünc medal qazanıb.
Azərbaycan milli komandasının üzvü Samir Cəbrayılov dağ yollarında əzmkarlıqla mübarizə apararaq bütün rəqiblərini üstələyib (20 xal). İdmançımız yarışın ən yaxşı dağ velosipedçisi olduğuna görə qırmızı köynəklə təltif edilib.
Qazaxıstanın “Almaty Astana Motors” klubunun üzvü Rudolf Remxi isə ən yaxşı gənc idmançı olaraq ağ köynəyə sahib çıxıb.
Ümumi təsnifatda velosipedçilərimizdən ən yaxşı nəticəni Musa Mikayılzadə (18:14:27) göstərib. İdmançımız 12-ci yerdə qərarlaşıb.
Komanda hesabında İtaliyanın “Team Technipes İnemiliaromagna” (54:22:28) klubu birinci yerə layiq görülüb. Qazaxıstanın “Vino Sko Team” (54:35:58) klubu ikinci yeri tutub. Çinin “China Glory Cycling Team” (54:46:40) klubu üçüncü yerin sahibi olub.
Azərbaycan milli komandası (55:28:29) isə yarış cədvəlinin 9-cu pilləsində yer alıb.
Yarışdan sonra Şuşa şəhərinin mərkəzində yerləşən “Qarabağ” otelində mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyanın prezidenti Mədət Quliyev, gənclər və idman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva, daxili işlər nazirinin müavini İsmət Əliyev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov və digər rəsmi şəxslər iştirak ediblər.
Müvafiq təsnifatlar üzrə qaliblər kubok, medal, sarı, yaşıl, qırmızı və ağ köynəklərlə təltif ediliblər.
Beynəlxalq Velosipedçilər İttifaqı tərəfindən mötəbər yarışa təyin olunmuş hakimlər velotur zamanı təhlükəsizlik işlərindən çox razı qalıblar. Onlar Azərbaycanın daxili işlər orqanlarının fəaliyyətini yüksək qiymətləndiriblər.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvim planına daxil edilən 2.2 kateqoriyalı yarışa ümumilikdə 14 ölkədən 16 komandanın heyətində 100-ə yaxın idmançı qatılıb.


