Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışına start verilib.
Arena.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə keçirilən yarışın bu gün ilk mərhələsi baş tutub.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən şose velosipedinin qrup ötüşməsi növü üzrə 2.2 kateqoriyalı 5 mərhələli yarışın startından öncə Bakı şəhərinin Səbail rayonunda yerləşən Veloparkda açılış mərasimi təşkil olunub.
Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti, “Əziz Şuşa” beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin sədri Mədət Quliyev, AVF-nin 1-ci vitse-prezidenti Sahib Ələkbərov, federasiyanın vitse-prezidentləri Robert Eyyubov, Fuad Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Fərid Qayıbov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan beynəlxalq velosiped yarışının təşkil edilməsinin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, artıq ikinci dəfədir baş tutan “Əziz Şuşa” beynəlxalq velosiped yarışının yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib. Nazir bütün idmançılara uğurlar arzulayıb.
Mədət Quliyev veloturun hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirib. O, idmançıların öz potensiallarını göstərmələri üçün bütün şəraitin yaradıldığını vurğulayıb. AVF prezidenti bu yarışın idmançıların yaddaşında unudulmaz xatirələrlə qalacağına əminliyini bildirib.
O, veloturun son mərhələsində idmançıların finiş xəttini Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada keçəcəklərini qeyd edərək, orada beynəlxalq yarışın təşkil edilməsinin qürurverici olduğunu vurğulayıb. Quliyev bu yarışın Azərbaycanda velosiped idmanın inkişafına böyük təkan verəcəyini bildirib. O, velotur iştirakçılarına qələbələr arzulayıb.
Sonra Elit yaş kateqoriyasında kişilərin iştirak etdiyi yarışda mübarizə aparacaq 14 ölkədən 16 komandanın heyətində 100-ə yaxın velosipedçi səhnəyə dəvət edilərək tədbir iştirakçılarına təqdim olunublar.
İlk qaliblər bəlli oldu
Açlış mərasiminin ardınca veloturun ilk mərhələsi başlayıb. Bakı şəhərinin Səbail rayonunda yerləşən Veloparkdan start götürən idmançılar 150 km məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçiblər.
Qaliblər fotofinişə əsasən müəyyənləşdiriliblər. İlk mərhələdə Bolqarıstan milli komandasının üzvü Martin Papanov (03.51.39) birinci olub. İtaliyanının “Team Technipes İnemiliaromagna” klubunun üzvü Emanuele Ansaloni (03.51.39) ikinci yeri tutub. Rumıniya milllisinin üzvü Kristian Railaenu (03.51.39) isə üçüncü yerə layiq görülüb.
Papanov həmçinin yarışın lideri və mərhələnin ən yaxşı sprinteri olub. Qazaxıstnın “Vino Sko Team” klubunun üzvü İlkhan Dostiyev mərhələnin ən yaxşı dağ velosipedçisi seçilib. Bolqarıstan millisinin üzvü Preslav Balabanov isə yarışın ən yaxşı gənc idmançısı olub.
Azərbaycan milli komandasının üzvlərindən ən yaxşı nəticəni Musa Mikayılzadə (03.55.07) göstərib. O, 19-cu yerlə kifayətlənib.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. İlk 3 yerin qalibləri medallar, lider velosipedçi sarı, ən yaxşı sprinter yaşıl, ən yaxşı dağ velosipedçisi qırmızı, ən yaxşı gənc idmançı isə ağ köynəklərlə təltif olunublar.
Mötəbər yarışda Azərbaycan, Bolqarıstan, Rumıniya və Türkmənistan milli komandaları, həmçinin Türkiyə, Niderland, Qazaxıstan (iki klub), Almaniya (iki klub), Monqolustan, Misir, Filippin, Belçika, Çin və İtaliyanı təmsil edən klublar iştirak edirlər.
İdmançılar iyunun 8-də Qəbələ – Şəki – Qəbələ marşrutu üzrə 176,2 km, iyunun 9-da Qəbələdən Gəncə şəhərinin mərkəzinə qədər 170 km, iyunun 10-da Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km, iyunun 11-də isə Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafədə yarışacaqlar.