Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped turniri davam edir.
Arena.az xəbər verir ki, bu gün yarışının üçüncü mərhələsi keçirilib.
Bu velotur Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə keçirilir.
Elit yaş kateqoriyasında kişilər arasında şose velosipedinin qrup ötüşməsi növü üzrə keçirilən 5 mərhələli veloturun üçüncü yarış günündə velosipedçilər Qəbələdən başlayaraq Ağdaş və Mingəçevirin ərazisindən keçib Gəncə şəhərinin mərkəzinə qədər 170 km məsafə qət ediblər.
Qəbələ, Ağdaş, Mingəçevir və Gəncədə idman həvəskarları, məktəblilər, ictimaiyyət nümayəndələri velosipedçiləri bayram əhval-ruhiyyəsi, böyük coşqu və alqışlarla qarşılayıblar.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvim planına daxil edilən 2.2 kateqoriyalı yarışın bu mərhələsində Belçikanın “Bataia Brigade” klubunun üzvü Yari Verstraeten (03:36:49) birinci olub. Rumıniya millisinin üzvü Mihnea-Aleksandru Harasim (03:36:49) ikinci yeri tutub. Qazaxıstanın “Almaty Astana Motors” klubunun üzvü Anton Kuzmin (03:36:49) isə üçüncü yerdə qərarlaşıb.
Azərbaycan millisinin üzvlərindən ən yaxşı nəticəyə Kamran Mirzəxanov (03:37:18) imza atıb. O, 10-cu yerə layiq görülüb.
İtaliyanın “Team Technipes İnemiliaromagna” klubunun üzvü Emanuele Ansaloni üç mərhələdən sonra yarışın lideridir. Niderlandın “Universe Cycling Team” klubunun üzvü Luk Şurmans yarışın ən yaxşı sprinteridir. Qazaxıstanın “Vino Sko Team” klubunun üzvü İlkhan Dostiyev ən yaxşı dağ velosipedçisidir. Türkiyənin “Sakarya BB Pro Team” klubunun üzvü Aleksandr Bereznyak isə ən yaxşı gənc idmançı seçilib.
Komanda hesabında üç mərhələnin cəminə görə Qazaxıstanın “Viki Sko Team” klubu birinci yerdə qərarlaşıb.
“Əziz Şuşa” çərçivəsində daha iki mərhələ!
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. İlk 3 yerin qalibləri medallar, lider velosipedçi sarı, ən yaxşı sprinter yaşıl, ən yaxşı dağ velosipedçisi qırmızı, ən yaxşı gənc idmançı isə ağ köynəklərlə təltif olunublar.
İdmançılara mükafatları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Zaur Əliyev və AVF-nin baş katibi Elnarə Musayeva təqdim ediblər.
Qeyd edək ki, velotura ümumilikdə 14 ölkədən 16 komandanın heyətində 100-ə yaxın velosipedçi qatılıb.
İdmançılar iyunun 10-da Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km, iyunun 11-də isə Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafədə yarışacaqlar.