14 yaşlı cüdoçu qətlə yetirildi – Prezidentin qohumuna uduzmadığına görə

Türkmənistanda 14 yaşlı cüdoçu qətlə yetirilib.

Arena.az xəbər verir ki, Süleyman Tursunbayev qatıldığı yerli turnirlərin birində qalib olduqdan sonra bir qrup şəxs tərəfindən qaçırılıb.

Valideynlərinin verdiyi məlumata görə, cüdoçu həmin şəxslər tərəfindən döyüldükdən sonra huşsuz vəziyyətdə tapılıb və xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

İddiaya görə, Tursunbayev finalda Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun qohumu ilə qarşılaşıb. Görüşdən əvvəl ona rəqibinə uduzmaq təklif olunub. Lakin Tursunbayev əksini edib və qalib gəlib. Yarış bitəndən sonra cüdoçunun müəllimini də döyüblər. Ən maraqlısı isə bu hadisə ilə bağlı heç bir cinayət işinin açılmamasıdır. Çünki Türkmənistanda insan hüquqlarının pozulması ilə bağlı çoxlu belə faktlar mövcuddur.