17 yaşlı Matis Angeli “Volfsburq”a gəldi, 3 futbolçu icarəyə verildi

Fransanın “Bordo” klubunun yeniyetmə mərkəz yarımmüdafiəçisi Matis Angeli bundan sonra “Volfsburq”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

17 yaşlı fransız futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. O, Bundesliqa təmsilçisinə azad agent kimi qoşulub.

Matis Angeli “Bordo”nun yetirməsidir. 17 yaşı olmasına baxmayaraq, o, ötən mövsüm Fransa klubunun əsas komandasında 5 oyun keçirib. Ötən ildən Fransanın U-17 yığmasına dəvət alan futbolçu daha öncə U-16-da da çıxış edib.

“Volfsburq” əslən Nigeriyadan olan almaniyalı mərkəz müdafiəçisi David Odoqu ilə də yeni müqavilə bağlayıb. 18 yaşlı futbolçu ilə də yeni müqavilə imzalandığı diqqətə çatdırılıb.

“Union Berlin”in futbol akademiyasında da çıxış etmiş David Odoqu 2020-ci ildən “Volfsburq”dadır. Onun yeni mövsümdən əsas komandada çıxış etməsi gözlənilir.

“Volfsburq” üç futbolçusunu da icarəyə verib. Çexiyalı yarımmüdafiəçi Vatslav Çernı Şotlandiyanın “Reyncers” klubuna keçib. “Ayaks”, “Utrext”, “Tvente” kimi klublarda da oynamış 26 yaşlı futbolçu 2023-cü ilin yayında 8 milyon avro müqabilində “Volfsburq”a keçmişdi. O, Bundesliqa klubunun heyətində 25 oyuna 5 qol vurub, 1 məhsuldar ötürmə verib. Çernı Çexiya yığmasında da 17 oyun keçirib, 6 qol və 2 assistlə yadda qalıb.

Cenan Peyçinoviç Düsseldorf “Fortuna”sına keçib. 19 yaşlı almaniyalı forvard “Auqsburq”un yetirməsidir. O, “Volfsburq”a 2022-ci ildə 1,25 milyon avro müqabilində keçib. Gənc forvard Bundesliqa klubunun əsas komandasında cəmi 5 oyun keçirib. O, Almaniyanın U-16, U-17 və U-18 yığmalarında da oynayıb.

Xorvatiyalı dayaq yarımmüdafiəçisi Bartol Franyiç də Donetsk “Şaxtyor”una icarəyə verilib. Zaqreb “Dinamo”sunun yetirməsi olan 24 yaşlı futbolçu 2022-ci ildə 7,5 milyon avro qarşılığında “Volfsburq”a keçsə də, bu komandada cəmi 6 oyun keçirib, 1 assistlə yadda qalıb. O, ötən mövsümü “Darmştadt”da icarədə keçirib. Franyiç Xorvatiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.