19 yaşlı Cud Bellingem – Tarixin ən bahalı ingilis futbolçusu!

Futbol üzrə İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem Dortmund “Borussiya”sını tərk edib və karyerasını “Real”da davam etdirəcək.

Arena.az xəbər verir ki, İspaniya nəhəngi 19 yaşlı ingils futbolçu və klubu ilə bütün məsələlərdə razılığa gəlib.

Amma Madrid klubu bu keçidi rəsmən açıqlamağa tələsmir. Güman ki, ispanlar bütün rəsmi prosedurlar bitdikdən sonra yeni transferini böyük təmtəraqla azarkeşlərinə təqdim etməyə hazırlaşır.

Dortmund “Borussiya”sı isə ötən gün Bellingemin karyerasını “Real”da davam etdirəcəyini rəsmən təsdiqlədi. Almanlar Madrid klubundan bonuslar da daxil olmaqla 133,4 milyon avro pul alacaqlar.

Bu isə Cud Bellingemin futbol tarixinin ən bahalı ingilis futbolçusuna çevrildiyi anlamına gəlir.

Buna qədər “Aston Villa”dan təxminən 115 milyon avro müqabilində “Mançester Siti”yə keçmiş vinger Cek Qriliş ən bahalı ingilis futbolçu idi.

Bu siyahıda üçüncü yeri 2019-cu ildə “Lester Siti”dən təxminən 93 milyon avroya “Mançester Yunayted”ə transfer edilmiş mərkəz müdafiəçisi Harri Maquayr tutur.

Dördlüyü yenə “Mançester Yunayted”in bir ətək pul töküb 85 milyon avroya Dortmund “Borussiya”sından transfer etdiyi Ceydon Sanço qapayır.

Xatırladaq ki, Cud Bellingem Dortmund “Borussiya”sına 2020-ci ilin iyul ayında İngiltərənin “Birmingem” klubundan 30 milyon avro qarşılığında transfer olunub. Gənc yarımmüdafiəçi Almaniya klubunda bütövlükdə 132 oyuna çıxıb. O, bu görüşlərdə 24 qol vurub, 25 məhsuldar ötürmə ilə yadda qalıb. Bellingem İngiltərə yığma komandasında da 24 oyuna çıxıb və 1 qola imza atıb.