2024-cü ilin yazında Everestdə ilk şahmat turniri keçiriləcək

2024-cü ilin yazında Himalay silsiləsinin Everest (Comolunqma) dağının yamaclarında “Everest 2024” beynəlxalq şahmat turniri keçiriləcək.

Arena.az bu barədə Rusiya Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən məlumat verir.

Müsabiqənin birinci mərhələsi dağın Nepal yamacındakı Everest baza düşərgəsində İsveçrə sistemi üzrə 12 turdan ibarət keçiriləcək. İkinci mərhələ yalnız Everestə dırmanmağa icazəsi olan alpinistlər üçün keçiriləcək. Birinci mərhələnin ən yaxşı iştirakçıları arasından səkkiz nəfər seçiləcək. İkinci mərhələ (1/4 final, yarımfinal və final) oksigen avadanlığından istifadə edilməklə keçiriləcək. Üç oyundan ibarət final 8000 metr yüksəklikdə baş tutacaq.

Tədbirin “Ginnesin Rekordlar Kitabı”na, Rusiya və Nepalın Rekordlar Kitabına daxil edilməsi planlaşdırılır. Müsabiqənin ümumi mükafat fondu 150 min ABŞ dolları təşkil edəcək. Qalib 4 milyon Rusiya rublu qazanacaq.

Vurğulayaq ki, Everest (Comolunqma) planetin ən hündür dağ zirvəsidir. Zirvə dəniz səviyyəsindən 8848 metr hündürlükdədir.