35 yaşlı Jinyak klubu ilə 3 illik müqaviləyə imza atdı

Futbol üzrə Fransa yığmasının sabiq hücumçusu Andre Pyer Jinyak Meksikanın “Tiqres” klubu ilə müqavilə yeniləyib.

Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu 3 illik yeni müqaviləyə imza atıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Jinyak 2015-ci ildən “Tiqres”in uğurları üçün çalışır. O, bu komandanın heyətində 250 matça çıxıb, 147 qola imza atıb. Bununla da o, klub tarixinin ən çox qol vurmuş futbolçusu hesab olunur.

Fransız hücumçu 4 dəfə Meksika çempionu olub. O, KONKAKAF Çempionlar Liqasında da baş mükafata sahib çıxıb.

Peşəkar karyerasına yetirməsi olduğu “Loryan”da başlayan Andre Pyer Jinyak, qısa müddət “Po” komandasında da icarədə oynayıb. 2007-2010-cu illər aralığında “Tuluza”da 100 oyun keçirib, 35 qol vuran hücumçu Marsel “Olimpik”inə transfer edilib. O, bu komandada beş il keçirib və 155 oyuna 59 qolla yadda qalıb.

Təcrübəli hücumçu 2009-2016-cı illər aralığında formasını geyindiyi Fransa yığmasında 36 oyun keçirib. O, bu oyunlarda cəmi 7 qolla yadda qalıb.