Futbol üzrə Braziliya milli komandasının sabiq yarımmüdafiəçisi Villian yenidən İngiltərənin “Fulhem” klubuna qayıdıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Braziliyalı futbolçu ötən ilin sonunda Yunanıstanın “Olimpiakos” klubundan ayrılandan bəri azad agent kimi özünə yeni iş yeri axtarışındaydı. Villiana məhz keçmiş klubu “Fulhem” sahib çıxıb. 36 yaşlı oyunçu köhnə-yeni klubu ilə cari mövsümün sonunadək anlaşıb.
Xatırladaq ki, braziliyalı futbolçu “Olimpiakos”a 2024-cü ilin yayında azad agent kimi keçmişdi. 36 yaşlı futbolçu həmin vaxt Yunanıstan klubu ilə 1 illik müqaviləyə imza atmışdı. O, sözügedən klubun heyətində 11 oyunda meydana çıxıb və 1 qol ötürməsi edib.
Villian Borxes da Silva peşəkar karyerasına yetirməsi olduğu “Korintians”da başlayıb. 2007-ci ildə Avropaya üz tutan yarımmüdafiəçi Ukraynanın “Şaxtyor” (Donetsk) klubuna keçib. 2013-cü ilə qısa müddət Rusiya “Anji”sində çıxış etmiş futbolçu elə həmin il İngiltərə nəhəngi “Çelsi”də oynamağa başlayıb. 2020-ci ilə qədər London klubunun uğurları üçün çalışmış Villian, 2020/2021 mövsümünü də İngiltərənin digər klubu “Arsenal”da keçirib. 2021-ci ilin yayında “Arsenal”dan ayrılan Villian yetirməsi olduğu “Korintians”a qayıtsa da, bir il sonra yenidən Braziliyanı tərk edib və İngiltərəyə qayıdıb. O, “Olimpiakos”dan öncə məhz “Fulhem”də çıxış edib. Yarımmüdafiəçi iki mövsüm şərəfini qoruduğu bu komandanın heyətində 67 oyuna çıxıb, 10 qol və 7 assistlə yadda qalıb.
Futbol üzrə Braziliya yığmasının sabiq yarımmüdafiəçisi 2011-ci ildə millidə debüt edib. O, yığma komandada 70 oyun keçirib, 9 qola imza atıb.
“Transfermarkt” internet-portalı 36 yaşlı vingerin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.



