37 yaşlı Lukas Podolski Polşa klubu ilə yeni müqavilə bağladı

Futbol üzrə Almaniya milli komandasının sabiq hücumçusu Lukas Podolski Polşanın “Qurnik” (Zabje) klubu ilə yeni müqavilə imzalayıb. Arena.az xəbər verir ki, bu barədə Polşa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 37 yaşlı hücumçu yeni müqaviləyə əsasən 2025-ci ilin 30 iyununa kimi Zabje klubunun uğurları üçün çalışmağa davam edəcək. Onun əvvəlki sözləşməsi bu mövsümün sonuna kimi idi.

Xatırladaq ki, Lukas Podolski 2021-ci ilin iyul ayında Türkiyənin “Antalyaspor” klubundan azad agent kimi ayrılaraq “Qurnik”lə müqavilə bağlamışdı. Almaniyalı hücumçu indiyə kimi Zabje təmsilçisində 59 oyuna çıxıb. O, bu görüşlərdə 16 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub.

Təcrübəli forvard karyerası ərzində Almaniyada “Bayern”, “Köln”, İtaliyada “İnter”, İngiltərədə “Arsenal”, Türkiyədə “Qalatasaray” və “Antalyaspor”un, Yaponiyada “Vissel Kobe”nin uğurları üçün çalışıb. Lukas Almaniya yığmasının heyətində meydana çıxdığı 130 oyunda 49 qola imza atıb.

Onun əvvəlki klublarındakı statistikası belədir:

“Köln” – 181 oyun, 86 qol, 41 asist
“Bayern” – 106 oyun, 26 qol, 20 asist
“Arsenal” – 82 oyun, 31 qol, 17 asist
“Qalatasaray” – 75 oyun, 34 qol, 18 asist
“Vissel Kobe” – 60 oyun, 17 qol, 12 asist
“Antalyaspor” – 47 oyun, 7 qol, 5 asist
“İnter” – 18 oyun, 1 qol, 4 asist

Podolski 2007/2008 mövsümündə “Bayern”lə Almaniya çempionu olub, ölkə kubokunu qazanıb. O, “Arsenal”la İngiltərə Federasiya kubokunun (2013/2014), “Qalatasaray”la Türkiyə kubokunun (2015/2016) və Super Kubokunun (2015 və 2016) qalibi olub. 2014-cü ildə Almaniya yığmasıyla dünya çempionu olan futbolçu DÇ-2006 və DÇ-2010-da da bürünc medallarla kifayətlənib. Futbolçu AÇ-2008-də də gümüş medal qazanıb.