37 yaşlı Skott Karson daha 1 il “Mançester Siti”də qalacaq

Skott KarsonMançester Siti” ilə müqaviləsinin müddətini daha bir il uzadıb və klubda 2024-cü ilin yayına qədər qalacaq.

Arena.az Mançester təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı qapıçı komandaya 2019-cu ildə icarə əsasında qoşulub.

Onun müqaviləsi 2020/2021 mövsümünün sonuna qədər nəzərdə tutulmuşdu. “Derbi Kaunti”yə məxsus futbolçunun klubla müqavilə müddəti 2021-ci ildə bitəndə Karson “Mançester Siti” ilə ödənişsiz transfer əsasında müqavilə imzalamışdı. İngiltərə yığmasının sabiq qapıçısı daha bir il “şəhərlilər”lə olacaq.

Karsonun debütü 2004-cü ilin yanvar ayına təsadüf edir. 18 yaşında “Lids”in heyətində meydana çıxmış gənc Karson indi karyerasının 20-ci mövsümünə veteran statusunda qədəm basır.

Təcrübəli qapıçının “Mançester Siti”də debütü isə 2021-ci ilin may ayına təsadüf edir. O zaman “şəhərlilər” “Nyukasl”ı məğlub etmişdilər.

“Mən 2023/2024 mövsümündə “Mançester Siti”də qalmağa şadam. Hər gün Xosep Qvardiola ilə, Xabi Mansisidorla və bizim heyrətamiz futbolçularla işləmək xoşuma gəlir. Ümid edirəm, mən, bizim bütün qapıçılara özünü yaxşı tərəfdən göstərməyə kömək edə biləcəyəm”, deyə Karson bildirib.

Klubun futbol direktoru Çiki Beqiristain əlavə edib: “Skatt – komandamızın əsl fəalıdır və o, qapıçılar və məşqçilərlə sıx iş münasibətləri saxlayır.

Biz çox şadıq ki, o, müqavilənin uzadılmasına imza atdı. Mən onun komanda yoldaşlarını dəstəkləməyini və lazım olanda meydanda oynamağa hazır olduğuna əmin olmaq üçün yaxşı məşq etməyini səbirsizliklə gözləyirəm.

Hamı klubda yeni müqavilə bağlaması münasibətilə Skotu təbrik etmək istərdi”.

Xatırladaq ki, “Lids”in yetirməsi olan futbolçu, “Aston Villa”, “Şeffild Uensdey”, “Çarlton”, “Uiqan”, “Vest Bromviç”, “Bursaspor” kimi klublarda da çıxış edib. İngiltərə millisinin sabiq üzvü 2015-ci ildən “Derbi Kaunti”də forma geyinirdi. O, İngiltərə yığmasında da 4 oyun keçirib.