İtaliyanın “Milan” klubu hazırda 40 yaşı olan qapıçısı Antonio Mirante ilə yeni müqavilə bağlandığını açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə Milan şəhərinin eyniadlı təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Təcrübəli qolkiperlə yeni müqavilə 2024-cü ilin 30 iyununa qədər nəzərdə tutulub. Əvvəlki sözləşmənin müddəti ötən ayın 30-da başa çatmışdı.
Antonio Mirante ötən ilin yayından “Milan”dadır. Amma ehtiyat qapıçı funksiyasını yerinə yetirən veteran qolkiper bu klubda cəmi 1 matça çıxıb. İtaliyalı qapıçı karyerası ərzində ölkəsinin “Yuventus”, “Krotone”, “Syena”, “Sampdoriya”, “Parma”, “Roma” və “Bolonya” klublarının da formasını geyinib.
“Milan”ın gənc yarımmüdafiəçisi Marko Breşianini isə “Frozinone”yə transfer olunub. 23 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb. “Milan”ın öz yetirməsi olan futbolçu klubun əsas komandasında cəmi 1 matça çıxıb. Əvəzində o, “Virtus Entella”, “Montsa” və “Kozentsa” kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb.