Futbol üzrə Braziliya millisinin və “Qalatasaray”ın sabiq müdafiəçisi Felipe Melo oğlu Davi ilə bir komandada çıxış edə bilər.
Arena.az xəbər verir ki, Melonun oğlu Davi Braziliyanın “Fluminense” klubu ilə müqavilə imzalayıb.
Braziliya A Seriyasında çıxış edən bu klub gənc oyunçu ilə peşəkar müqavilə imzalandığını açıqlayıb. 18 yaşlı Davi ilə 2025-ci ilə qədər nəzərdə tutulmuş sözləşmə imzalanıb.
Maraqlıdır ki, Davinin atası Felipe də məhz “Fluminense”də çıxış edir. O, 2022-ci ilin yanvarında “Palmeyras”dan ayrılaraq bu kluba keçib. Felipenin Braziliya klubu ilə 2024-cü ilin dekabr ayına qədər müqaviləsi var. Bu isə o deməkdir ki, Felipe oğlu ilə eyni komandada oynaya biləcək.
Hazırda 40 yaşı olan Felipe Melo “Fluminense”də indiyə qədər 83 oyuna çıxıb, 3 qola imza atıb. O, karyerası ərzində “Flamenqo”, “Kruzeyro”, “Qremio”, “Malyorka”, “Rasinq Santander”, “Almeriya”, “Fiorentina”, “Yuventus”, “Qalatasaray”, “İnter” (Milan) və “Palmeyras” kimi klublarda da çıxış edib. Melo Braziliya millisində 22 oyuna 2 qol vurub.

Nihad Əsədov


