40 yaşlı Pepe Reyna ilə bağlı yekun qərar açıqlandı

İspaniyanın “Vilyarreal” klubu qapıçıları Pepe Reyna və İker Alvares, eləcə də müdafiəçisi Pablo İniqeslə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

40 yaşlı Pepe Reyna ilə yeni müqavilə 1 illikdir və 2024-cü ilin 30 iyununa kimi nəzərdə tutulub. Ötən mövsümün əvvəlində bu klubla 1 illik müqavilə bağlamış təcrübəli qolkiper “Vilyarreal”da meydana çıxdığı 32 oyunda 38 qol buraxıb. O, 8 oyunda da qapısını toxunulmaz saxlayıb.

“Barselona”nın yetirməsi olan, peşəkar karyerasına da bu komandada başlamış futbolçu, 2002-ci ildə Kataloniya təmsilçisindən ayrılaraq məhz indiki klubu “Vilyarreal”a keçib. O, üç mövsüm ərzində bu komandada 147 matça çıxdıqdan sonra 2005-ci ildə İngiltərənin “Liverpul” klubuna transfer olunub. Təxminən 10 ilə yaxın “qırmızılar”ın uğurları üçün çalışmış qolkiper, 2013/14 mövsümündə İtaliyanın “Napoli” klubuna icarəyə verilib. 2014/15 mövsümünü Almaniyanın “Bayern” klubunda keçirən ispan qapıçı, 2015-2018-ci illər aralığında yenə “Napoli”nin uğurları üçün çalışıb. 2018-2020-ci illər aralığında “Milan”da olan futbolçu, ardından “Aston Villa”da və “Latsio”da da oynayıb. Reyna İspaniya yığmasında da 36 oyun keçirib. Dünya çempionatının da qalibi olmuş təcrübəli qolkiperin bütövlükdə 9 kuboku var.

İker Alvares isə “Vilyarreal”ın öz yetirməsidir. Andorradan olan 21 yaşlı qolkiper hələ La Liqa klubunun əsas komandasında debüt etməyib. Andorra yığmasında 12 oyun keçirmiş qapıçı yeni müqaviləyə əsasən 2026-cı ilin 30 iyununa kimi İspaniya klubunda qalacaq.

Mərkəz müdafiəçisi olan Pablo İniqes də 1 illik yeni müqaviləyə imza atıb. 29 yaşlı mərkəz müdafiəçisi ilə əvvəlki sözləşmənin müddəti bu ay başa çatırdı. “Vilyarreal”da cəmi 12 oyun keçirmiş futbolçu daha çox bu klubun B komandasında forma geyinib. O, “Herkules”, “Jirona”, “Levante”, “Rayo Valyekano” və “Roys Deportiu” kimi klublarda, İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarda da oynayıb.

“Vilyarreal” 22 yaşlı hücumçusu Fer Nino və 26 yaşlı sağ cinah müdafiəçisi Migel Leal ilə də yollarını ayırdığını açıqlayıb. Nino “Burxos”a transfer olunubsa, müqaviləsinin müddəti bitdiyi üçün azad agentə çevrilmiş Leal Andorranın eyniadlı klubuna keçib.