“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, bu gün Qəbələ şəhər stadionunda təşkil olunmuş oyun Ağdam klubunun 2:0 hesablı qələbəsiylə yekunlaşıb.
Oyundan sonra Qurban Qurbanovun brifinqi keçirilib. Təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:
“Qalib gəlmək vacib idi. Bunu reallaşdırdığımız üçün sevinirik. Bu, heç də asan olmadı. Qarşımızda çox yaxşı müdafiə olunan və təhlükəli əks-hücumlara keçən kollektiv var idi. Növbəti mərhələyə vəsiqə qazandığımız üçün futbolçularımızı təbrik edirəm. Belə bir havada uzaq məsafə qət edib bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkür edirəm”.
Baş məşqçi Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində dekabrın 7-də keçiriləcək “Sabah”la oyun barədə də danışıb: “Biz daha çox öz oyunumuz, futbolçuları qarşıdakı matça yaxşı hazırlaşdırmaq barədə düşünürük. “Sabah” həmişə istəkli komanda olub. Onlarla oyunlarımız maraqlı keçib”.
Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda İsveçin “Elfsborq” klubu ilə dekabrın 12-də baş tutacaq səfər matçına da qələbə qazanmaq üçün yollanacaqlarını söyləyib: “Elfsborq”la oyun bizim üçün vacib olacaq. İstənilən turnirdə lazımi nəticəni əldə etməyə çalışırıq. Bunun üçün hər görüşdə qalib gəlmək çox önəmlidir. “Elfsborq”la oyunda da meydandan qalib ayrılmaq istəyirik. Hər qələbə bizə əlavə avrokubok təcrübəsi qazandırır. Həmin qarşılaşmaya ciddi hazırlaşacağıq”.
“Qəbələ”nin baş məşqçisi Kaxabar Sxadadze də bu oyundan sonra klubun rəsmi saytına açıqlama verib:
“Qarabağ” Azərbaycanda son 15 ilin ən yaxşı komandasıdır. Öz məşqçisi, heyəti, oyunçuları ilə onlar bunu sübut ediblər. Mən oyunçularıma təşəkkürümü bildirir, onlara “çox sağ ol” deyirəm. Çox yaxşı, çəkinmədən oynadılar. Sonadək mübarizə apardılar. Əlbəttə, komandalar arasında ciddi fərq var. Rəqibimizin fərdi bacarıqlarına görə bizdən güclü olan futbolçuları çox idi. Təbii ki, qarşımızdakı komanda “Qarabağ”dır, bu da normaldır. Onlar Avropada, biz isə Birinci Liqada oynayırıq. Bir daha qeyd edirəm ki, futbolçularımın gördüyü iş yüksək səviyyəlidir. Onların əziyyətini qiymətləndirirəm və bir daha “çox sağ ol” deyirəm”.


