Riçard Almeyda rəsmən Braziliya klubunda

Fevralın 11-də “Qarabağ”dan ayrılan Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Riçard Almeyda özünə yeni klub tapıb.

Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu bundan sonra Braziliyanın “Primavera” komandasında çıxış edəcək.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, “Primavera” hazırda A2 liqasında mübarizə aparır və turnir cədvəlində 19 xalla 2-cidir.

2012-ci ildən “Qarabağ”da çıxış edən Riçard iki dəfə bu klubdan ayrılmasına rəğmən, yenidən Ağdam təmsilçisinə qayıdıb. Belə ki, o, 2012-2018, 2019 və 2021-2025-ci illərdə bu komandanın uğurları üçün çalışıb. Almeyda Azərbaycan çempionunun heyətində meydana çıxdığı 376 oyunda 64 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.

Almeyda Azərbaycan Premyer Liqasında 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə “Qarabağ”ın formasını geyinib. O, Ağdam klubu ilə 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb.

Yarımmüdafiəçi 2020-2021-ci illərdə Azərbaycanın digər təmsilçisi “Zirə”də də çıxış edib. O, qəsəbə təmsilçisinin heyətində də 23 oyuna 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Almeyda karyerası ərzində “Jil Visente”, “Astana”, “Baniyas” və “Santo Andre” kimi klubların da şərəfini qoruyub.

Riçard Almeyda 2017-2023-cü illərdə Azərbaycan milli komandasının da şərəfini qoruyub. O, millimizin heyətində meydana çıxdığı 31 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: