Elmar Baxşıyev: “Üç penaltini sırf təsadüf hesab edirəm”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunun 1/4 finalında “Zirə”yə qarşı keçirdikləri cavab matçını şərh edib.

Arena.az xəbər verir ki, ilk oyunda bu rəqibinə 1:0 hesabıyla qalib gəlmiş Naxçıvan təmsilçisi səfərdə də 2:0 hesablı qələbəyə imza atmaqla yarımfinala yüksəlib.

Elmar Baxşıyev Zirədəki matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Birinci oyun da göstərmişdi ki, ağır matç olacaq. Hər iki komanda yaxşı mübarizə apardı. Məşqlərdə də futbolçuları buna hazırlamışdıq. Komanda olaraq meydanda yaxşı işlər gördük. Layiqli qələbə qazandığımızı düşünürəm. Futbolçularımı təbrik edirəm. Heyətimizdə zədəli futbolcularımız çox olsa da, yolumuza davam edirik. Artıq bu görüşü unutmalı, çempionat matçlarında köklənməliyik.

Cütün taleyini penaltilərin həll etməsini sırf təsadüf hesab edirəm. Penalti də oyunun tərkib hissəsidir. “Zirə”nin də real qol epizodları oldu.

Zədəli futbolçularımızla bağlı vəziyyət müxtəlifdir. Kimisi komanda ilə məşqlərə başlayıb, kimisi hələ müalicə prosesi keçir”.

Rəşad Sadıqov hakimlikdən şikayətləndi

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Futbolçularıma təşəkkür edirəm. Bu mövsüm keçirdiyimiz ən yaxşı oyunlardan biri oldu. Əllərindən gələni etilər ki, mərhələni keçən tərəf biz olaq. Fikrimcə, hər iki matça görə, mərhələni keçməyə yaxın olan tərəf biz idik. Amma rəqib qazandığı 3 penaltidən fərqləndi və mərhələni keçən tərəf oldu. Onları təbrik edirəm və növbəti oyunlarda uğurlar arzu edirəm. Bizim bu oyunda yaxşı məqamlarımız var idi. Onları düzgün təhlil edib, daha da yaxşı formada olmalıyıq. Çünki rəqiblər də bizi təhlil edirlər, daha yüksək motivasiya ilə oynayırlar, daha böyük qüvvə ilə müdafiə olunurlar. Bu məqamları təhlil edib, növbəti oyunlara daha yaxşı hazırlaşmaq vacibdir. Oyunçularıma bir daha təşəkkürmü bildirirəm. Çox sıx qrafikdə oynayırıq. Demək olar ki, hər bir futbolçumz meydanda əzmkar mübarizə apardı. İkinci hissədə futbolçularım rəqibin üzərində böyük təzyiq yaratdılar. Amma yaratdığımız qol fürsətlərindən istifadə edə bilmədik. Alınmadı. Bu gün uğur rəqibin tərəfində idi. Belə olan halda məğlubiyyəti həzm edib, növbəti oyunlara hazırlaşmalıyıq”.

Rəşad Sadıqov bəzi hakim qərarlarından narazılığını da gizlətməyib:

“Birinci epizod penaltidir. Düzdür, baxmamışam. Amma oyunun dinamikasında oxşayırdı. İkinci epizoddan çempionatımızda 50, 100 dənə nümunə gətirərəm ki, bəzən verirlər, bəzən yox. Bir neçə klubumuz blokdan istifadə edir. Tuturlar, yıxırlar, boğurlar. Bu gün bizim xeyrimizə belə bir epizod olsaydı, əminəm ki, soyuqqanlı şəkildə şərh edəcəkdilər ki, ikisi də bir-birini tuturdu, mübarizə idi. Belə şeylərə öyrəşmişik. Nədənsə hakimlər 50/50-yə olan epizodlarda çox zaman bizim zərərimizə qərarlar qəbul edirlər. Digər məqamlardan biri də odur ki, birinci hissədə VAR-a baxıldı, həkimlər meydana girdi, pauzalar oldu, amma cəmi 3 dəqiqə əlavə olundu. İlk yarıda ən azı 8-9 dəqiqə pauza oldu. Hakimliyin üzərində çox dayanmaq istəmirəm. Bu gün futbolçularımın oyunundan həzz alırdım. Baxımlı, sürətli, kombinasiyalı futbol oynayırdılar. Ona görə bu gün mənim yadımda qalan oyunçularımın performansı və əzmkarlıqlarıdır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: