Rusiyalı futubol mütəxəssisi Aleksandr Kerjakov hazırda Avropanın ən yaxşı gənc futbolçusunun kim olduğuna dair sualı cavablayıb.
Arena.az rusiyalı mütəxəssisin müvafiq cavabını təqdim edir:
“Mənə Camal Musiala çox xoş gəlir. Lamin Yamal da əntiqədir, amma mən Camala ütünlük verərdim”, deyə Kerjakov vurğulayıb.
Aleksandr Kerjakov ölkəsinin ən yaxşı gənc futbolçusu ilə bağlı sualı da cavablayıb:
“Bax, indi bizim Moskva “Lokomotiv”ində baxdığımız Aleksey Batrakov. Çox yaxşı oynayır. Nikita Krivtsov da xoş gəlir”, deyə rusiyalı məşqçi qənaətini bölüşüb.
Qeyd edək ki, 22 yaşlı Camal Musiala hazırda Avropanın ən perspektivli gənc futbolçularından biri sayılır. Avropanın bir çox aparıcı klubunun Musialada gözü var.
“Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir. Futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Musiala “Bayern”in heyətində 38 oyun keçirib, 17 qol vurub, 7 məhsuldar ötürmə verib.
Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 201 oyun, 60 qol və 35 məhsuldar ötürmədən ibarətdir.
Musiala “Bayern”lə UEFA Çempionlar Liqasının (2019/2020), FIFA Klub Dünya Kubokunun (2021), UEFA Super Kubokunun (2020/2021) qalibi olub. Musiala Münhen klubu ilə 4 dəfə Almaniya çempionu (2019/2020, 2020/2021, 2021/2022, 2022/2023) və 3 dəfə Almaniya Kubokunun (2020/2021, 2021/2022, 2022/2023) qalibi olub.
Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 38 oyun keçirib, 7 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 22 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.


