İngiltərə Premyer Liqasının təmsilçisi “Arsenal” “topçular”ın idman direktoru vəzifəsinə yeni təyinatını açıqlayıb.
Arena.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir ki, London təmsilçisinin idman direktoru vəzifəsinə italyan mütəxəssis Andrea Berta təyin edilib:
“Biz Andrea Bertanın idman direktoru qismində kluba qoşulmasını bildirməyə şadıq”, – “topçular”ın rəsmi bəyanatında deyilir.
Əvvəllər Berta səkkiz il ərzində Madrid “Atletiko”sunun idman direktoru vəzifəsində çalışıb. Bu müddət ərzində “döşəkçilər” bir sıra bahalı keçidlər gerçəkləşdiriblər. Berta “Atletiko”nun düşərgəsinə Alvaro Morata, Joau Feliks, Toma Lemar, Rodri, Jelson Martinş, Markos Lyorente, Mario Ermoso, Kiran Trippyer, Renan Lodi, Nauel Molina, Rodriqo De Paul, Mateus Kunya, Xulian Alvares, Konor Qallaher, Roben Le Norman, Aleksander Sörlot və s. ünlü adların cəlb edilməsində böyük xidmət göstərib. Həmçinin Bertanın dövründə “döşəkçilər”in düşərgəsinə Dieqo Kosta, Antuan Qrizmann və Yannik Karrasko qayıdıblar. Berta “döşəkçilər”lə çalışdığı dövrdə “Atletiko” sabit çıxışı ilə fərqlənib. “Arsenal” italyan mütəxəssisin bacarığından yararlanmağa böyük ümidlər bəsləyir.
29 oyundan topladığı 58 xalla “Arsenal” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.



