Arteta Sakanın zədədən sonra qayıdışını şərh etdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın ingiltərəli sağ cinah hücumçusu Bukayo Sakanın zədədən sonra qayıdışını şərh edib.

Arena.az xatırladır ki, Saka ötən ilin dekabr ayının sonunda ombasının arxa səthinin zədəsi ilə üzləşərək, cərrahi əməliyyat edilmişdi.

Arteta Sakanın sıraya dönməsi barədə bunları dilə gətirib:

“Bukayo iş başına keçməyə hazırdır. Qayıdışı üçün nə gərək idisə, o, artıq icra edib. Odur ki, indi məsələ, onun lazımı məqamlarda meydana çıxacağındadır. Amma o, bizə təpki göstərir, çünki oynamaq istəyir. Biz müddəti gözləmişik, hər şey etmişik, biz hətta onu tutub-saxlamalı da olmuşuq. Odur ki, o, işə hazırdır.

Bu, bizim malik olduğumuz daha bir güclü silahdır. Biz, onun komandamıza hansı təsiri göstərdiyini və onun rolunun və töhfəsinin bizim uğurumuzda nə qədər vacib olduğunu bilirik. Odur ki, onun qayıdışı əladır”, – “Arsenal”ın rəsmi saytı ispan mütəxəssisdən sitat gətirir.

Bukayo Saka London “Arsenal”ının yetirməsidir. İngilis futbolçu indiyə qədər yalnız “topçular”ın uğurları üçün çalışıb.

Sakanın “Arsenal”la cari müqaviləsinin müddəti 2027-ci ilin iyuna ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Saka “topçular”ın heyətində 24 oyuna çıxıb, 9 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.

Sakanın “topçular”ın heyətində çıxışının ümümi mənzərəsi 250 oyun, 67 qol və 63 məhsuldar ötürmədən ibarətdir.

Bukayo Saka “Arsenal”la bir dəfə İngiltərə Kubokunun (2020), iki dəfə İngiltərə Super Kubokunun (2020/2021, 2023/2024) qalibi olub.

Saka 2020-ci ilin oktyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 43 oyuna çıxıb, 12 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: