“Bayern”in hücumçusu Tomas Müller Almaniya Bundesliqasının 29-cu turunda Dortmund “Borussiya”sına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, 35 yaşlı alman futbolçu doğma meydanda baş tutmuş və 2:2 hesablı heç-heçə ilə yekunlaşmış qarşılaşma barədə bunları söyləyib:
“Yəqin ki, bu, əla oyun idi, xüsusən azarkeşlər üçün. Ümulikdə bu, çoxlu güc-qüvvənin və şövqün yer aldığı, amma əlbəttə, əldən verilmiş fürsətlərin yer aldığı oyun idi”, deyə Tomas Müller vurğulayıb.
“Bayern”in 31 yaşlı ingilis mərkəz hücumçusu Harri Keyn də “Borussiya” ilə heç-heçəyə şərh verib:
“Düşünürəm ki, biz bu bir xalla barışa bilərik. Bu, gərgin oyun idi. Hər iki komandanın fürsətləri vardı”, deyə Keyn fikrini əsaslandırıb.
Xatırladaq ki, 29 oyundan 69 xalla “Bayern” Almaniya Bundesliqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Borussiya” isə 42 xalla 8-ci pillədədir.


