Qurban Qurbanov: “Finalda uduzmaq fikrimiz yoxdur”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinalında “Araz-Naxçıvan”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Bir az gərginlik, yorğunluq var idi. Buna baxmayaraq, komandam sona qədər təmkinli qaldı və rəqibin səhv etməsini gözlədi. Sonda bundan istifadə edə bildik. Elmar Baxşıyevə, onun komandasına uğurlar arzulayıram”.

Qurban Qurbanov ilk hissədə komandasının oyununun alınmamasına belə aydınlıq gətirib:

“Öncə rəqibin oyununu dəyərləndirmək lazımdır. Ümumi hesabda 0:1 geridə idik. Rəqib çox düzgün, ağıllı müdafiə olunurdu və əks-hücumlara hazırlaşırdı. Onların ilk hissədə bir neçə qol epizodu oldu. Bizim hazırlığımız da bunun üzərində getmişdi. Topsuz oyunçularımıza çox yaxşı təzyiq edirdilər. İlk yarıda top itkilərimiz çox oldu. Rəqib daha aktiv idi. İkinci hissədə biz təzyiqi artırdıq və bundan istifadə etdik. Həmişə demişəm ki, kubok matçları çempionatdan fərqlidir. Bu, normaldır. Belə oyunlara daim hazır olmalıyıq”.

Qurban Qurbanov finalda hansı komandanın arzuolunan olduğuna dair sualı isə belə cavablandırıb:

“Belə bir düşüncəm yoxdur. Sadəcə onu bilirəm ki, finalda qarşımızda nəticə üçün alışıb-yanan rəqib olacaq. Çünki, hər ikisinin avrokuboklarda iştirak etmək şansı həmin oyundan asılı olacaq. İstənilən rəqib bundan sonra bütün hazırlığını bizə qarşı quracaq. Hələ vaxt var. Hər iki komandaya uğurlar arzulayıram. İstəyərdim ki, ikisi də avrokuboklarda iştirak etsin. Hər iki klub böyük sərmayə qoyub. Bu iki klubun strukturunu nümunə olaraq göstərə bilərik. Yalnız nəticəyə yox, uğurun davamlı olmasına sərmayə yatırıblar. “Neftçi”nin də, “Sabah”ın da çox yaxşı bazası var. Biz də kuboku yenə qazanmaq istəyirik. Finalda məğlub olmaq kimi bir düşüncəmiz olmayacaq. İstərdim ki, futbolçularımın titul sayı daha da artsın” – deyə Qurban Qurbanov komandasının iddiasını ortaya qoyub.

“İkili standart hiss olunur, komandama qarşı antipatiya var”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Bizim üçün ağır oyun alındı. Bizi nəyin gözlədiyini bildirdik. İki fərqli hissə oynadıq. İlk yarıda komanda şəklində oyunumuz alındı. İkinci hissədə “Qarabağ” üstünlüyü ələ aldı. Rəqibi təbrik edirəm. Çempionatdakı son matçlara köklənəcəyik.

Komandamın daha çox hücumda olmasını istəyirəm. “Qarabağ”ın oyununu da vurğulamaq lazımdır. Səviyyə baxımından bizdən üstündürlər. Oturuşmuş heyəti və stabilliyi var. Bu tip matçların taleyini xırda nüanslar həll edir. Oyunu çevirə bilərdik. Bilirəm, heç kim o epizodu görməyəcək. 25-ci dəqiqədəki epizod oyunun dəyişmə anı ola bilərdi. Nəsə hakim fərqli qərar verdi. Bizim baxdığımız epizod təmiz penaltidir. İkinci epizodu deyim. Hücuma çıxırıq, hücumumuzu saxlayıb bizim qapıya tərəf cərimə zərbəsi verir. Sonra deyir ki, səhv etdim. Ümid edirəm ki, “Araz-Naxçıvan”a qarşı bu səhvlər davamlı olmayacaq. İkili standart hiss olunur. Mənim komandama qarşı antipatiya var. Ümid edirəm ki, bizə qarşı da obyektiv olarlar. Rahat şəkildə futbolçularımıza 4-cü sarı vərəqəni verib cəzalı duruma salırlar. Məşqçi ilə mübarizə aparırlarsa, ayıbdır. Hücuma çıxan komandanın topuna rəqib əllə toxunur, hakim deyir ki, sürüşdü. Mən bunu qəbul etmirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaş: