“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 35-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Ağır oyun alındı. Bizi nəyin gözlədiyini bildirdik. Komanda istədiyim oyunu və nəticəni göstərdi. Konfrans Liqasına vəsiqə qazanmaq sevindiricidir. Rəhbərliyi təbrik edirəm. Bizə inandılar. Daha yaxşı ola bilərik. Qarşıdakı günlərdə rəhbərliklə görüşümüz olacaq. Bütün planları müzakirə edəcəyik”.
Elmar Baxşıyev Avropa Konfrans Liqasına vəsiqəni Naxçıvanda qeyd etmək fikrində olub-olmadıqlarına dair suala da cavab verib:
“Mənlik olsa, bu dəqiqə komandanı götürüb Naxçıvana apararam. Bu, mənə aid sual deyil. Daha çox rəhbərlik səviyyəsində həll olunmalıdır. Öz şəhərimizdə oynasaq, üstünlük qazana bilərik. Ümid edirəm ki, növbəti mövsümdə Naxçıvanda azarkeşləri sevindirə bilərik”.
Elmar Baxşıyev Avropa Konfrans Liqasında azı bir mərhələ keçmək üçün rəhbərlikdən neçə transfer istəyəcəyinə dair sualı da cavablandırıb:
“Bununla bağlı hələ heç nə deyə bilmərəm. Hər şey ola bilər. Bəlkə də mənim işim rəhbərliyi qane etməyəcək. Buna da hazır olmalıyıq. Mən daha yaxşı “Araz-Naxçıvan” görmək istəyirəm”.
Naxçıvan təmsilçisinin baş məşqçisi müqaviləsinin müddəti başa çatmış futbolçulardan neçəsinin komandanı tərk edəcəyi barədə sualı da cavablandırıb:
“Mən qarışıq hamının müqaviləsinin müddəti bitir. Təkcə İqor Ribeyronun sözləşməsi davam edir. Kollektivin qorunması və güclənməsi yönündə rəhbərliklə danışığımız olacaq. Mənim istəyimi qəbul edəcəklərsə, davam edəcəyəm”.
Elmar Baxşıyev “Araz-Naxçıvan”la qazandığı bu mövsümün bürünc medalını da dəyərləndirib:
“Qəbələ”də uğurlu olduq, iki il ardıcıl Avropa Konfrans Liqasına vəsiqə qazandıq. Amma orada uğursuz da olmuşam. Komandanın Birinci Liqaya düşməsində mənim də payım olub. Rəhbərliyə “çox sağ ol” deyirəm ki, mənə güvəndilər. İnam olan yerdə məşqçi iddiasını ortaya qoya bilir”.
“Şamaxı”da qalsam, yaxşı komanda quracağıq”
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Bu oyun yox, mövsüm bizim üçün uğurlu oldu. İstəyimiz Premyer Liqada qalmaq idi. Sevindirici haldır ki, komanda 35 tur ərzində heç vaxt sonuncu yerdə olmadı. Bizdən büdcə baxımından üstün olan komandalarla baş-başa mübarizə apardıq. Rəqibi təbrik edirəm. Avropa Konfrans Liqasına vəsiqə qazandılar. Gələn mövsüm bizim üçün bundan da ağır keçəcək. Son matçlarda daha çox gənclər, az oynayan futbolçular meydanda olur. Bəlkə də oyunun ədalətli nəticəsi heç-heçə olardı. Bir səhv bizə baha başa gəldi. Çempionatın bitməsini səbrsizliklə gözləyirəm. Son oyundan sonra gələcək haqqında düşünəcəyik”.
Ayxan Abbasov növbəti mövsümlə bağlı planlara dair sualı isə belə cavablayıb:
“Yayda demək olar ki, sıfırdan komanda qurduq. Düzdür, Birinci Liqadan gələn 9-10 futbolçu qaldı. Bu gün Arsen Ağcabəyov, Edqar Adilxanov meydanda idilər. İndi üstünlüyümüz odur ki, bəzi legionerlərin müqaviləsi var. O qədər də əziyyət çəkməyəcəyik. Vasili ilə Bakiç komandada deyil, Brahim Konate “Zirə” ilə müqavilə bağlayıb. Yeni transferlər olacaq. Bir aydan çoxdur bu yöndə iş gedir. İnanıram ki, “Şamaxı”da qalsam, yaxşı komanda quracağıq.
İlk növbədə büdcəyə baxmaq lazımdır. Bu büdcə ilə desəm ki, hədəfimiz yuxarı pillələrdir, yalan danışaram. Amma keçən ilə baxanda təcrübəliyik. Yuxarı yerlərdə olmağa cəhd edəcəyik. Bu da əslində büdcədən asılıdır. Problemlər yəqin ki, yaxın günlərdə həll olunacaq.
Klubların büdcələrini açıqladığını gördüm. Mənə görə o rəqəmlər tam deyil. Bir az da çoxdur. Bəzi komandaları bilirik. Demək ki, hər şeyi büdcəyə bağlamaq olmaz. Gələn mövsüm çox çətin olacaq. “Qəbələ”ni bilirik, təcrübələri çoxdur. “Karvan” və “İmişli”dən çox şey asılıdır. Çempionat üç dövrədən ibarət olacaq. Buna hazır olmaq lazımdır.
Rəhbərlik dayanmır. Bu rəhbərliklə çalışmaq mənim üçün xoşdur. Burada tam peşəkar iş gedir. Dəstək lazımdır. Hər şeyi turnir cədvəlinə bağlamayaq. Çempionata “Şamaxı” kimi komandalar lazımdır. Bu gün Rüfət, Edqar, Rauf kimi futbolçular milliyə namizəd görünürlər. Bu gün Cəfər debüt etdi. Gənc futbolçuları komandaya gətirmək istəyirik”.


