Kiprin “Apollon” (Limassol) klubundan azad agent kimi ayrılmış yarımmüdafiəçi Çarlz Boli bundan sonra “Araz-Naxçıvan”da çıxış edəcək.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Çarlz Boli ilə anlaşıb. Şotlandiyada doğulan, Fransa və Kot-d’İvuar vətəndaşlığı olan sag cinah yarımmüdafiəçisi ilə müqavilənin müddəti 1 illikdir. O, karyersı ərzində Fransanın “Lans”, “Po”, “Paris”, eləcə də İtaliyanın “Viçentsa” klublarında çıxış edib. Son mövsümü Kiprin “Apollon” (Limasol) komandasında keçirmiş 26 yaşlı futbolçu 23 matçda meydana çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, bu, “Araz-Naxçıvan”ın yay fasiləsi zamanı dördüncü transferdir. Sözügedən klub daha öncə Bar Kohen, Ba-Muaka Simakala və Bruno Frankonu da heyətinə qatmışdı. Naxçıvan təmsilçisi Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb. Kristian Avram, İssuf Paro, Tərlan Əhmədli, Ömər Buludov, Ürfan Abbasov, Ülvü İsgəndərov, Bəxtiyar Həsənalızadə, Slavik Alxasov, Qara Qarayev, Vanderson Melo, Nuno Rodriqes, Ramon Maçado, Elçin Mustafayev və Turan Vəlizadə ilə də yeni müqavilə imzalanıb.


