“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Türkiyənin “Trabzonspor” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, Naxçıvan təmsilçisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün Super Liqa nəhəngi ilə qarşılaşıb və 3:2 hesablı qələbəyə sevinib.
Elmar Baxşıyev matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Bu, Türkiyədə sonuncu yoxlama oyunumuz idi. Elə planlaşdırmışdıq ki, yoxlama oyunlarındakı rəqiblərimiz zəifdən güclüyə doğru dəyişsin. “Trabzonspor” haqda geniş danışmaq artıqdır. Super Liqanın iddialı komandası ilə oyunda çalışdıq ki, rəsmi matça nə dərəcədə hazır olduğumuzu dəqiqləşdirək.
Futbolçularımız məşqlərdə işlədiyimiz elementləri tətbiq etməyə, əvvəlki oyunlardakı səhvləri təkrarlamamağa çalışdılar. Ümumi götürdükdə, uşaqların toplanış çərçivəsində gördüyü işdən razı qaldım. Faydalı toplanış oldugunu düşünürəm. Super Liqanın 3 klubu ilə qarşılaşmaq yaxşı oldu. Hər matçda komanda özünəməxsus dəsti-xətti ilə seçilirdi”.


