Elmar Baxşıyev: “Kiprdə yaxşı nəticə qazanmağa çalışacağıq”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının 3-cü raundunun “Omoniya” ilə səfər matçından gözləntisini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Kipr klubları arasında Bakıda keçirilmiş ilk oyun Naxçıvan klubunun 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Bu komandaların cavab görüşü isə sabah Nikosiyada keçiriləcək. Elmar Baxşıyev matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyun baxımından daha artığını gözləyirik. Komandamız fərqlidir. Doğma meydanda böyük hesabla məğlub olsaq da, komanda şəklində daha yaxşısını edə bilərik və sabah buna cəhd edəcəyik. Qarşımızdakı rəqib də təcrübəli, yaxşı təşkilatlanmış komandadır. Amma yaxşı nəticə qazanmaq üçün çalışacağıq.

Hesabı kənara qoysaq, Bakıda istədiyimiz oyunu da göstərə bilmədik. Amma bunlar arxada qaldı. Komanda şəklində daha yaxşısını edə bilirik.

Havanın temperaturu Bakı ilə demək olar, oxşardır. Rütubətlilik bir qədər çox hiss olunur. Amma bu futbolçulara problem yaratmamalıdır”.

Mətbuat konfransında iştirak etmiş “Araz-Naxçıvan”ın legioneri Çarlz Boli də düşüncələrini dilə gətirib:

“Futboldur, belə nəticələr olur. Birinci oyunu unutmuşuq. Sabahkı oyunda daha yaxşı nəticə qazanacağımıza ümid edirəm. Düzdür, oyun çətin, gərgin olacaq, ancaq biz hazırıq.

Rəqibi yaxşı tanıyırıq. Onlara qarşı bir neçə dəfə oynamışam. Kiprin ən güclü komandalarından biridir. Lakin inanıram ki, “Araz-Naxçıvan” sabahkı oyunda istəyinə çatacaq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: