“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 2-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, bu gün “Azərsun Arena”da keçirilmiş oyun Ağdam təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Rəqibi təbrik edirəm. İki oyuna 6 xal toplayıblar. Bu, çox yaxşı başlanğıcdır. Özümüzə gəldikdə, deyəcək çox söz yoxdur. Futbolçularımı anlayıram. Oyundan da hiss olunur ki, oynamayanlar meydana çıxsalar da, hələ yorğunluq var idi, motivasiya qaydasında deyildi. Amma başlanğıcdakı məğlubiyyətin bizə çox faydası olacaq. Qarşıda bizi bundan da çox sıx qrafik gözləyir. Futbolçular da bunu anlayacaqlar. Uğurlardan sonra belə oyunlar bizim faydamıza olur. Uğur əldə edəndə, istər-istəməz insanda, komandada bir az loru dildə desək, burun yuxarı qalxır. Oyundur. Bu gün 3 xal rəqibin haqqı idi. Heç nədən qapımızda qol gördük. İmkanlarımız var idi. Top qapıdan keçməli idi, keçmədi”.
Qurban Qurbanov Nəriman Axundzadənin bu oyunda meydana buraxılmamasının səbəbini də açıqlayıb:
“Zədəsi var idi. Hələ də ayağında gərginlik var. Geridə qalan 2-3 gündə müalicə olunub. Məşqdə də iştirak etməyib”.
Təcrübəli mütəxəssis ikinci heyətlə oynamaqlarının məğlubiyyətin əsas səbəbi olmadığını bildirib:
“Dəfələrlə olub ki, meydana fərqli heyətlə çıxmışıq, uduzmuşuq. Bəlkə əsas hyeyətlə meydana çıxsaydıq, yenə uduzardıq. İki gün əvvəl oynamışıq. Yol yorğunluğu sözünü dedi”.
Qurban Qurbanov “Qarabağ”ın qol buraxdığı epizodda Şahruddin Məhəmmədəliyevin səhvinə də münasibət bildirib:
“Bir az kuryoz qol alındı. Tam görmədim. Abbas Hüseynovun Şahruddinlə mübahisəsinə gəlincə, o, öz işi ilə məşğul olsa, yaxşıdır. Başı ilə çıxarası deyil ki. Hərə öz işi ilə məşğul olsa, yaxşı daha yaxşı olar. İşi düzgün yerinə yetirmək hamının borcudur”.
Qurban Qurbanov arxayınlığın əleyhinədir
Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibləri – Macarıstan çempionu “Ferentsvaroş”la cavab görüşünə də toxunub:
“Biz bütün oyunlara ciddi və səbirlə, təmkinlə hazırlaşmalıyıq. Futbolda olmayan nəticə yoxdur. Bütün turnirlərdə belə nəticə var. Kənar fikirlərə görə oyunlara hazırlaşsaq, çox gedə bilmərik, yarı yolda qalarıq. Rəqib futbolçuların, məşqçilərin açıqlamalarını normal qəbul edirəm. Futbolçuları oyuna hazırlaşdırmalıyıq. Bu işin içində olduğumuz üçün bunu normal qəbul edib, hazırlaşacağıq. Məndən başqa hamı sanki bu rəqibi keçmiş kimi görünür. Bir tərəfdən sevindirici haldır. Həm inamdan, həm də güvəndən irəli gəlir. Həm də bizə mane olan fikirlərdir. Biz də ona qoşulsaq, o fikirlərdə olsaq… Qarşımızdakı rəqib “Ferentsvaroş”dur. Heç nədən qol vurmağı bacaran kollektivi var. Futbol elədir ki, 1-2 qolluq fərq ciddi göstərici deyil. Çalışacağıq ki, səhvsiz oynayaq”, deyə Qurban Qurbanov bildirib.
“Sumqayıt”ın baş məşqçisi Saşa İliç isə komandasının ardıcıl ikinci qələbəsi ilə bağlı bunları söyləyib:
“Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Bu cür rəqiblə matçda uğurlu nəticə qazanmaq istəyirsinizsə, gərək bəxtiniz də gözəl olsun, oyununuz da. Bilirəm ki, “Qarabağ” bizə qarşı əsas heyətlə oynamadı. Onların UEFA Çempionlar Liqasında vacib oyunu var. Ümid edirəm ki, onlar Liqa mərhələsinə düşəcəklər və bununla mən də fəxr edəcəyəm.
Futbolçularımı bəyənirəm, razıyam. Amma məqsədimizə çatmaq istəyiriksə, bizə daha bir neçə oyunçu lazımdır. Konkret 3 oyunçuya ehtiyac duyuram. Lakin indiki heyətdən də razıyam. Bu gün göstərilən nəticə də qənaətbəxşdir.
Əslində, mən çempion olmaq istəyərdim. Amma hələ tezdir. İki turdan sonra bu haqda danışmaq çox tezdir”.


