Ayxan Abbasov millidən təklif alıb: “Təklifi qəbul edəcəyəm”

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 6-cı turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, bu gün Şamaxıda baş tutmuş oyunda qalib müəyyənləşməyib – 1:1.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün anım günüdür. Allah şəhidlərimizə rəhmət eləsin. Oyuna gəldikdə, “Araz-Naxçıvan” iddialı komandalardandır. Biz də yaxşı hazırlaşmışdıq. İlk yarıda komandam çox yaxşı oynadı. Futbolçular istədiklərimizi daha yaxşı etməyə çalışırlar. Bəlkə də 2-ci qolu vura bilərdik. İkinci hissədə rəqib dəyişiklik etdi. Gənclərimiz inkişaf edirilər. Bizim üçün vacib xaldır. Uduzmamaq əsas prinsipimizdir. Amma udmaq istəyirdik. Təəssüf ki, zədəlilərimiz çoxalır. Buna hazır olmaq lazımdır”.

Ayxan Abbasov Azərbaycanın əsas milli komandasının baş məşqçisi təyin ediləcəyi barədə xəbərlərə də münasibət bildirib:

“Onsuz da mövsümün əvvəlindən U-21 millisindəyik. Hər iki tərəfə eyni dərəcədə köklənirik. Söz-söhbətlər normaldır. Mənə heç bir təsiri olmur. Bəli, əsas millidən təklif olub, danışıqlar gedib. Yəqin ki, yaxın günlərdə qərar veriləcək. Tam peşəkarcasına danışıqlar gedir. Versiyaların yazılması normaldır. AFFA ilə danışığımızda müddət problemi yoxdur. Milliyə kömək etməmək çətindir. Əgər bizə inam varsa, kənara çəkilmək olmaz. Xırda məsələlər var. Bunlar həll olunsa, təklifi qəbul edəcəyəm”.

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə heç-heçəyə belə şərh verib:

“İki fərqli hissə oynadıq. Komanda ilk yarıda oyuna girə bilmədi. İstədiklərimizi icra etməkdə çətinlik çəkirdik. “Şamaxı” yaxşı təzyiq göstərdi. İkinci hissədə fərqli oynadıq. Dönüş yaradıb 1 xal qazandıq. Bu gün uda da bilərdik, uduza da. Qismətdə 1 xal var idi. “Şamaxı”ya autsayder gözü ilə baxmırıq. Heyətlərində yaxşı futbolçular var. “Şamaxı” meydanda nə etmək istədiyini bilən komandadır. Meydança süni örtüklü olduğu üçün futbolçular çətinliklə uyğunlaşdılar. Bu gün azarkeşlər üçün maraqlı oyun oldu”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: