Qurban Qurbanov: “Rəqibin göstərəcəyi oyuna hazır olmalıyıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində “Kopenhagen”lə matçdan gözləntisini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Danimarka təmsilçiləri arasında baş tutacaq ÇL-in Liqa mərhələsinin 2-ci turunun oyunu sabah Bakıda təşkil olunacaq.

Qurban Qurbanov bu gün oyundan öncə təşkil edilmiş mətbuat konfransında əvvəlcə bunları söyləyib:

“Sevindirici haldır ki, böyük turnirin, böyük futbolun Bakıda ilk oyunu keçiriləcək. Həm sevincli, həm də çox həyəcanlı, məsuliyyətliyik. İlk oyun olduğu üçün bilirik ki, diqqət çoxdur. Azərbaycanın hər bölgəsində matça maraq böyükdür. Bu oyuna bacardığımız qədər yaxşı hazırlaşdıq. Vaxtımız az idi. Bu gün imkanımız olacaq ki, bir az da hazırlaşaq. Yaxşı və ciddi komandaya qarşı oynayırıq. İnanıram ki, futbolçularım öz qabiliyyətləri və bacarıqları ilə yaxşı mübarizə aparacaq, azarkeşlərimizi sevindirməyə çalışacaqlar”.

“Benfika” üzərindəki qələbədən sonra Avropa və dünyanın diqqəti “Qarabağ”dadır. Qurban Qurbanov bunun komanda üzərində ciddi təzyiq yaradacağına dair ehtimalları da cavablandırıb:

“İnanın ki, həmişə belə anlarda çox sevinirəm. Çünki Avropa və dünya futbolunun “Qarabağ”a diqqət varsa, bu, Azərbaycana olan diqqətdir. Azərbaycanla daha yaxından maraqlanırlar. Bəli, bu gün ola bilər ki, futbolda uğurlarımız, nəticələrimiz elə də ürəkaçan deyil. Ancaq belə qalibiyyətlər futbolu daha çox sevdirir, futbolçularımıza inam verir. Futbola yatırım qoymaq istəyən insanlarda inam və həvəs yaradır. Futbol idmanın şahıdır. Buradakı qələbələr illər boyu danışılır. Xüsusilə də, böyük nailiyyətlər. İlk olaraq bunu düşünürəm. Bunu düşünərək də, futbolçulara deyirəm ki, bu fikirlərlə meydana çıxaq. Belə hallarda məsuliyyət daha da çoxalır. Ən vacibi odur ki, hamınız bura inamlı gəlirsiniz. Həyəcan mütləq olur. Məsuliyyət olduqda istənilən uğuru əldə etmək olar. Bəlkə ilk dəqiqələrdə həyəcan ola bilər. İdman elədir ki, işin içinə girdikcə, qorxu, həyəcan yox olmağa başlayır. Bəzən uduzursan, yıxılırsan. Yavaş-yavaş həyəcan yox olur. Vacibdir ki, bunu dərk edərək meydana çıxasan. 90 dəqiqə qorxu olsa, böyük problem yaradar. Allaha şükür bizdə elə bir şey yoxdur”.

Qurban Qurbanov “Kopenhagen”lə ilk oyunu yada saldı

Qurban Qurbanov “Qarabağ”ın “Kopenahgen”ə də qalib gəlməyə çalışacağını vurğulayıb:

“Bütün rəqiblərə qalib gəlməyin düsturu olur. İstənilən rəqiblə oyuna qalib gəlmək üçün hazırlaşırıq. Rəqibdən də çox şey asılıdır. Amma bacardığımız qədər hazırlaşmışıq. Çalışacağıq ki, qalibiyyət üçün artığını da edək. Ancaq qarşımızda “Kopenhagen” var. Onların da göstərəcəyi oyuna hazır olmalıyıq.

Həmişə çox istəmişəm ki, Bakıdakı matçlarda qonaqlar çox olsun, xüsusilə də jurnalistlər. Bakımızla yaxından tanış olsunlar. “Kopenhagen”lə 2017-ci ildə orada oynayanda şəhəri çox bəyənmişdim. Xatirimdə qalan ən öndə olan şəhərlərdən biridir. Rəqibə gəldikdə, üstün cəhətləri çoxdur. Çünki sistemli bir oyun oynayırlar. Bu, bir tərəfdən asandır. Rəqibinizin nə etmək istədiyini biləndə, qarşısını almaq asandır. Amma tapşırıqları futbolçuların yaxşı yerinə yetirməsi problem ola bilər. Təhlillər edib komandaya demişik. Sabah oyunun gedişatında meydanda taktiki savaş gedə bilər. Hər bir halda böyük istəklə, böyük diqqətlə oynayacağıq. “Kopenhagen” elə rəqibdir ki, nəticədən asılı olmadan, oyundan həzz ala bilərəm. Ola bilər ki, 90 dəqiqə sırf meydannın içində olum. Rəqibin bəzi dəyişiklikləri, sürətli hücumları, bəzi mövqe hücumları bizə problemlər yarada bilər. Hamımız 90 dəqiqə oyunun içində olmalıyıq ki, rəqib bizim üçün problem yaratmasın”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: