“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, əyalət təmsilçilərinin bu gün Qəbələdə baş tutmuş oyununda “Şamaxı” 1:0 hesabı ilə qalib gəlib.
Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Şamaxı”nı qələbə münasibətilə təbrik edirəm. Oyun haqda çox danışmaq istəmirəm. Qol epizodlarımız çox idi. Böyük üstünlüyümüz var idi. Amma imkanlardan yararlana bilmədik. İkinci hissədə meydanda bir komanda var idi. Ehtiyat oyunçular skamyamız güclü deyil. Maksimumu edirik, amma səhvlər buraxırıq, qapımızda qollar görürük. Özümü heç günahlandıra bilmirəm. Komanda funksional və taktiki sarıdan hazırlıqlıdır. Futbolçu 2 metrdən qol vura bilmirsə, onun əvəzinə mən vurmayacağam ki. Güclənməyimizə ehtiyac var.
Bunu etiraf etməliyik. Yayda seleksiya işində səhvlərə yol verdik. Bəzi futbolçular var ki, Premyer Liqa səviyyəsində deyillər, onları U-19 komandasına göndərəcəyəm. Daha da güclənməliyik. Allah qoysa, güclənərik və hər şey daha yaxşı olar. Böyük klublarda çıxış etmişəm, “Mançester Siti”də oynamışam. Oyundan sonra hər zaman futbolçuya dəstək olurdular. Sona qədər dəstək göstərirdilər. Biz də, onlar da öyrənməliyik. Azarkeş komandanın arxasında dayanmalıdır. Komandamız oyun göstərir. Buna görə də panikaya düşməli deyilik. Sadəcə, oyunun gedişində güclənə bilmirik. Ehtiyatda olanlar yerli gənclərdir.
İndiki vaxtda hansı futbolçunu tapmaq olar? Əgər hansısa futbolçu komandasızdırsa, hansı durumda olacaq? Mövsüm mayda başa çatıb və hazırda oktyabrdır. Biz varlı klub deyilik. İstəyirik ki, bu dəqiqə güclənək. Amma dediyim kimi, o futbolçu hansı durumda olacaq? Səhvimizi etiraf edirik. Dekabrda güclənəcəyik. Bu da olmasa, çətin olacaq”.


