21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-21) baş məşqçisi Rəşad Eyyubov AFFA-nın rəsmi saytına açıqlama verib.
Arena.az xəbər verir ki, U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya yığması ilə keçiriləcək oyunla əlaqədar Karvina şəhərinə yollanıb.
Bu komandaya müvəqqəti olaraq baş məşqçi təyin edilmiş Rəşad Eyyubov qarşıdakı rəsmi oyunlarla bağlı AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:
“Bizi iki maraqlı oyun gözləyir. İlk növbədə mental olaraq hazır olmaq, meydanda cəsarətli çıxış etmək bizim üçün vacibdir. Taktiki planımız da komandanı buna sövq etməlidir. Rəqiblərimizin futbolçuları Avropanın yaxşı klublarında çıxış edirlər. Buna görə də ilk dəqiqələrdən intensivliyə uyğunlaşmaq çox önəmlidir. Oyunçularımıza inanıram, məqsədimiz onların potensialını bu matçlarda tam şəkildə üzə çıxarmalarına kömək etməkdir”.
Xatırladaq ki, B qrupunda yer almış U-21 oktyabrın 10-da Karvina şəhər stadionunda Çexiya, 14-də isə “Dalğa Arena”da Şotlandiya yığması ilə qarşılaşacaq.


