“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 8-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Ağdam və Tovuz təmsilçiləri bu gün “Azərsun Arena”da üz-üzə gəliblər.
Qurban Qurbanov 2:1 hesablı əzmkar qələbəyə sevindikləri matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çox vacib qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Komandada balans yox idi. Çünki xeyli müddətdir futbolçular bir yerdə deyildilər. Heyətdə rotasiyalar etmişdik. Topla tam istədiyimiz kimi davrana bilmirdik. Rəqib ilk hissədə buna imkan vermirdi. İlk yarıda top 12-15 dəqiqə oyunda oldu. Daha çox uzun toplar, mübarizə var idi. Demək olar ki, heç nə edə bilmirdik. Top 2-3 dəqiqə oyunda qalmırdı ki, meydanda düzgün yerləşək. Amma ikinci hissədə tam fərqli oyun oldu. Rəqibin gücü bir az azaldı. İlk yarıda çox enerji itirdilər. İkinci hissədə daha rahat oynamağa başladıq. Çox vacib 3 xal qazandıq. Futbolçular çox əziyyət çəkdilər. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. “Turan Tovuz”a uğurlar arzulayıram”.
Qurban Qurbanov zədədən yeni qayıtmış Marko Yankoviçin bu oyunda meydana buraxılmasından və onun UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Atletik”lə (İspaniya) matçda iştirak imkanından da danışıb:
“Sabah məşqimiz olacaq. Qarşıda bir neçə gün vaxtımız var. Düzünü desəm, bu gün onu daha çox oynatmaq istəyirdim. Ən azından 30 dəqiqə planımda var idi. Oyun elə getdi ki, ehtiyatlandım. Mübarizə var idi, meydança sürüşkən idi. Ona görə Yankoviçi bir az gec oyuna buraxdım. Oyuna kimi lazım olan qərarı verəcəyik”.
Qurban Qurbanov Bilbao təmsilçisini təhlil etməyə vaxtının olmadığını da qeyd edib:
“Rəqibi tam təhlil etməmişəm, amma maraqlanmışam. Bu gündən etibarən bütün detallara ayrı-ayrılıqda vaxt ayıracağıq. İllərdir nə etmişiksə, “Altetik”lə oyunda da onu etməyə çalışacağıq. Çünki biz onu daha yaxşı edə bilirik. Statistikaya görə “Atletik” ən dinamik futbol oynayan komandalardan biridir. Hətta birinci yerdə idilər. Öz oyunumuzu daha da yaxşılaşdırmağa və rəqibin oyun üslubunun qarşısını almağa çalışacağıq”.


