Premyer Liqanın 13-cü turunun “Şamaxı” – “Sumqayıt” matçı baş məşqçilər Ayxan Abbasov və Saşa İliçin meydandan qovulması ilə yadda qaldı.
Arena.az xəbər verir ki, qarşılaşmanın son dəqiqələri gərginliyi ilə diqqət çəkdi.
Hesabı 70-ci dəqiqədə meydan sahiblərinin açmasına baxmayaraq, “Sumqayıt” 88 və 90+1-ci dəqiqələrdə vurduğu qollarla əzmkar qələbəyə sevindi. Məhz hesab bərabərləşərkən qonaqların baş məşqçsinin etdiyi ədəbsiz jest ekranları da bəzədi. İliç “Şamaxı”nın texniki zonasına tərəf gələrək qolu öz tərbiyəsinə uyğun qeyd etdi, söz ataraq qıcıq verdi. Bundan sonra qarşı tərəf, o cümlədən şamaxılıların baş məşqçisi Ayxan Abbasov təhqirə qarşılıq verdi. Təbii ki, İliç kimi yox, sadəcə, əsəblə. Baş hakim isə hər iki baş məşqçiyə qırmızı vərəqə göstərdi. Böyük ehtimalla “Sumqayıt”ın baş məşqçisi Saşa İliçin etdiyi hərəkətə AFFA İntizam Komitəsi layiqli “qiymət” verəcək. Amma yaxşı olardı, ona qədər “kimyaçılar”ın rəhbərliyi də serb çalışdırıcısına görə üzr stəsin və onu cəzasız qoymasın.
“Səbəbkar 100 faiz Saşa İliç idi”
Qarşılaşmadan sonrakı mətbuat konfransları da oyundan daha çox, baş vermiş qalmaqala həsr olundu. Baş məşqçilərin köməkçiləri hadisəyə dair öz fikirlərini bölüşdülər.
“Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç: “Qələbəyə görə sevinirəm. Xarakter göstərdik. Bəzi itkilərimiz var idi. Xüsusilə də, Rayan Senhadji oynamırdı. “Şamaxı” hesabı açdı. Onlara qarşı oynamaq çətindir. Amma biz bunu bacardıq, xarakter göstərdik, qalib gəldik. Oyunçularımı təbrik edirəm. Höccət Haqverdinin cırda zədəsi var idi. Meydançanın süni olduğu da nəzərə alaraq, onunla bağlı riskə getmədik”.
Kaplanoviç Ayxan Abbasovla Saşa İliç arasında yaşanmış mübahisəyə də toxunub: “İnanın ki, heç nə bilmirəm. Çünki həmin anda oyuna baxırdım və futbolçularımızdan biri ilə danışırdım. Epizodun nəyə görə baş verdiyini dəqiq görmədim”.
“Şamaxı”nın məşqçisi Elnur Çodarov isə bunları söyləyib: “Gərgin oyun alındı. Əsasən də, matçın sonu dramatik oldu. Bizim üçün üzücü nəticə alındı. Həftəiçi yaxşı hazırlaşmışdıq, yaxşı təhlillər etmişdik. Konsentrasiya çatmadı. Əsasən də, künc zərbəsi zamanı. Rəqibi təbrik edirəm.
Çodarov Ayxan Abbasovla Saşa İliç arasında yaşanmış mübahisəyə də toxunub: “Qoldan sonra rəqib komandanın baş məşqçisi biz tərəfə, daha dəqiq desək, Ayxan Abbasov tərəfə aqressiv jestlər etdi. Hadisə də oradan başladı. Gördüyüm bunlar idi. Onsuz da, həmin hadisədən sonra aləm qarışdı. Təbii ki, səbəbkar 100 faiz Saşa İliç idi”.


