Aaron Maluda “Sabah”da qaldı – Rəsmi

“Sabah”ın bu mövsümün əvvəlində Fransanın “Lill” klubundan icarəyə götürdü vinger Aaron Maluda Azərbaycan klubunda qalacaq.

Arena.az xəbər verir ki, paytaxt klubu Maludanın transfer hüququna yiyələnib.

Bu barədə “bayquşlar”ın mətbuat xidməti məlumat yayıb.

20 yaşlı futbolçunun icarəsi ilə bağlı Fransanın “Lill” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş transfer bəndi qüvvəyə minib. Maluda ilə yeni, 4 illik müqavilə bağlanıb.

Qeyd edək ki, “Sabah” Maludanın transferinə görə 150 min avro ödəyib. Bundan əlavə, futbolçunun bu mövsümkü maaşı da müqavilə əsasında “Lill” tərəfindən ödənilib.

Xatırladaq ki, fransalı futbolçu ötən ilin sentyabr ayından “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində 12 oyun keçirib, 2 qola imza atıb, 1 məhsuldar ötürmə verib.

Aaron Maluda Fransanın “Olimpik” (Lion) klubunun yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində “Lill”, “Renn” və “Olimpik” (Nim) klublarının ikinci və əsas komandalarında oynayıb. Vinger Fransanın U-19 millisinin də üzvü olub.

Onu da qeyd edək ki, Aaron Fransa yığmasının və İngiltərənin “Çelsi” klubunun veteran futbolçusu, ötənlərin tanınmış siması Floran Maludanın oğludur.

“Sabah” bir neçə gün öncə Rusiyanın “Rubin” klubundan Umarali Rahmonaliyevin də transfer hüquqlarını almışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: